Tramp Putinin vəkili kimi çıxış edir, Ukrayna ABŞ-nin yardımı olmadan Rusiya ilə müharibə apara bilər - ŞƏRH

"ABŞ-nin Ukraynaya dəstəyi olmasa, vəziyyət gərginləşə bilər. Bunu həm də Avropa İttifaqı istəmir. Ona görə də Avropa İttifaqının rəhbərləri fevralın 17-19-da toplaşdılar ki, onlar Ukraynaya yardım etsinlər ki, o, müharibədə uduzmasın. Çünki Avropa İttifaqının üzvləri bilirlər ki, əgər Ukrayna uduzsa, onun təhlükəsizliyi təmin olunmasa, gələcəkdə Rusiya Avropa İttifaqına, NATO ölkələrinə, ilk növbədə Pribaltika, Balkan ölkələrinə hücum edəcək və onları işğal edəcək".
Bu fikirləri politoloq Elşad Həsənov Redaktor.az-a Ukrayna-Rusiya münaqişəsini şərh edərkən dedi. Onun sözlərinə görə, müharibədə yeni atəşkəsə nail olmaq, danışıqlarla sülh bağlamaq mümkündür:
"ABŞ Prezidenti Donald Tramp fevralın 18-də Ər-Riyadda keçirilən Rusiya-ABŞ görüşlərindən və Putinlə telefon danışığından sonra öz mövqeyini sanki dəyişdi. Birtərəfli olaraq Rusiyanın mövqeyini dəstəkləməyə başlayıb və demokratik yolla Ukraynaya prezident seçilən Volodimir Zelenskini aşağılayıb, onu diktator adlandırdı. Təbii ki, bu, beynəlxalq ictimaiyyətdə bir ajiotaj yaratdı. Onun bu sözü hamıda qıcıq doğurdu, çünki Zelenski diktator deyil, Zelenski Rusiyaya hücum etməyib, əksinə Rusiya müstəqil, suveren ölkəyə hücum edib. Bütün bu hücumlar da dünya ictimaiyyətinin gözü qabağında olub, bu müharibədə də 100 minlərlə insan həlak olub, yaralanıb, şəhərlər, kəndlər dağılıb. Trampın belə danışması, belə ritorika işlətməsi təbii ki, etirazlara səbəb oldu. Onun apardığı bu siyasətə artıq ABŞ-nin özündə etirazlar səslənir. Konqresdə onun qəbul etdiyi qərarları qəbul etmirlər. Eyni zamanda Nyu-York meri Trampın verdiyi qərarı qəbul etmədiklərini bildirirlər. Yəni Tramp hakimiyyətə gələndən sonra bir qarışıqlıq yaradıb. Onun ən düzgün yolu odur ki, müharibəni dayandırsın".
Politoloq bildirdi ki, bu gün ABŞ-nin yardımı olmadan Ukrayna özündə olan silah-sursatla hələ yarım il sərbəst Rusiya ilə döyüşlər, müharibə apara bilər.
"Bundan əlavə Avropa İttifaqı, Ukraynaya yardımları daha da artırır. Onlar istəmir ki, müharibədə Rusiya qələbə qazansın və bunun üçün də ciddi çalışırlar. Elə Makronun Vaşinqtona səfəri məhz Trampın fikrini dəyişdirmək məqsədi daşıyır. Rusiya-Ukrayna müharibəsinin obyektiv qiymətləndirilməsini istəyirlər və bunun üçün də Makron ora gedib. Eyni zamanda fevralın 27-də Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtona səfər edəcək, Trampla görüşüb o da Ukraynaya dəstək üçün danışıqlar aparacaq. Yəni hələlik tam necə mənzərə aydın deyil. Çünki hamının gözlədiyi məsələnin əksinə olaraq, Tramp bir növ Putinin tərəfdarı, onun vəkili kimi çıxış edir. Hətta Birləşmiş Millətlər Təşkilatının fevralın 24-də qəbul etdiyi qətnaməni də geri çəkməyi tələb etdi. Ancaq Ukrayna və Avropa İttifaqı bu qətnaməni geri götürmədilər və Birləşmiş Millətlər Təşkilatı da qətnaməni qəbul etdi. Yəni orada göstərildi ki, Rusiya işğalçı ölkədir, işğal edib və öz qoşunlarını suveren Ukrayna ərazisindən çıxarmalıdır.
Ona görə də yaxın zamanlarda Rusiya Ukrayna müharibəsində atəşkəsə nail olsa, gələcəkdə danışıqlar yolu ilə o ərazi iddialarını təmin etmək olar. Təbii ki, burada həm Rusiya, həm də Ukrayna bir-birinə nədəsə güzəştə getməlidir və müharibəni dayandırmalıdır. Müharibə dayandırılandan sonra artıq Fransanın və Böyük Britaniyanın 30 minlik qoşunu hazırdır ki, Rusiya-Ukrayna sərhədində yerləşsinlər", - deyə E.Həsənov qeyd etdi.
Türkan İSGƏNDƏRLİ