"Tramp İranla müharibə istəmir" - Politoloq

"ABŞ Prezidenti Donald Tramp İranla müharibə istəmir. Ancaq Tramp Tehranın ABŞ-ın və İsrailin tələblərini yerinə yetirməsini tələb edir. Tehran nüvə çalışmalarından imtina etməlidir. Rəsmi Tehran ultimativ tonda Vaşinqtonla müzakirələr aparmayacağını açıqlayıb".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ABŞ-dan fərqli olaraq İsrail İranın strateji hərbi mərkəzlərinə raket zərbələrinin endirilməsinin tərəfdarıdır:
"İsrail ötən ilin oktyabr ayında İrana raket zərbələri endirməklə İranın hava müdafiə sistemlərinı sıradan çıxarıb. İsrail hökuməti hesab edir ki, nə qədər İran silahlı qüvvələri hava müdafiə sistemlərini bərpa edə bilməyiblər, bu ölkənin hərbi mərkəzlərinə növbəti zərbələr endirilməlidir. İsrail hökuməti bu yolla İranın uranı zənginləşdirmək siyasətini əngəlləyəcəyini düşünür.
İran silahlı qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqeri bildirib ki, İran istənilən hücumu dəf etməyə və düşmənin cavabını verməyə hazırdır. Baqerinin sözlərinə görə, İranın hava müdafiə sistemləri bərpa olunub. “Əgər İrana təhlükə yaranarsa, bu halda bölgədə vəziyyət gərginləşəcək, qeyri-sabitliyi yaradanlar və onların müttəfiqləri təhlükə altında olacaqlar” deyən iranlı general konkret ölkələrin adlarını çəkməsə də, ABŞ və İsrailin bölgədəki tərəfdaşlarını nəzərdə tutub. Baqeri “bölgə ölkələri” dedikdə böyük ehtimalla Səudiyyə Ərəbistanı və Azərbaycanı da nəzərdə tuta bilər. Səudiyyə Ərəbistanının ABŞ-la, Azərbaycanın isə İsraillə tərəfdaşlıq münasibətləri mövcuddur. Səudiyyə Ərəbistanı və Azərbaycan İrana qarşı raket zərbələrinin endirilməsinin tərəfdarı deyillər, bölgədə gərginlik istəmirlər. Ancaq Baqerinin sözlərindən belə çıxır ki, əgər ABŞ və ya İsrail İrana zərbə endirərlərsə, Tehran bu iki dövlətin bölgədəki tərəfdaşlarını da hədəf alacaq. Halbuki, mümkün toqquşmanın bölgə ölkələrinə aidiyyatı olmayacaq".
E.Şahinoğlu deyib ki, buna baxmayaraq, Azərbaycan müttəfiqləri ilə koordinasiyanı gücləndirməlidir:
"Təsadüfi deyil ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyədə rəsmi görüşlərə başlayarkən, xarici xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib. Səfər çərçivəsində Ceyhun Bayramov səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə görüşəcək. Rusiya-Ukrayna müharibəsi bitərsə və ya atəşkəs əldə olunarsa, Kremlin Cənubi Qafqaza diqqəti artacaq, eyni zamanda İsrail-İran gərginliyi də bölgə üçün təhlükələr yarada bilər. Gələcək təhlükələr barədə müttəfiqlər arasında fikir mübadiləsinin genişlənməsinə ehtiyac var".
Vasif