BMT Azərbaycanın itkin düşmüş vətəndaşların taleyi ilə bağlı Ermənistana təsir etməlidir - AÇIQLAMA

 17:18 26.02.2025     106

"Birinci Qarabağ müharibəsindən sonra müharibə dövründə Azərbaycanın xeyli sayda vətəndaşı itkin düşüb ki, bunların da əksəriyyəti mülki vətəndaşlardır. Hələ də Ermənistan tərəfi onların taleyinə aydınlıq gətirmir. Düzdür, müharibə bitdikdən sonra, artıq Azərbaycan öz torpaqlarını azad etdikdən sonra aparılan axtarışlar zamanı bir çox insanların qalıqları aşkarlanıb. Onlar da dəfn olunub, ancaq yenə də, yəni bir çox insanın aqibəti məlum deyil".

Bu fikirləri politoloq Zeynal Əmrəliyev Redaktor.az-a Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksəksəviyyəli İclasında Birinci Qarabağ müharibəsində itkin düşənlərlə bağlı çıxışını şərh edərkən dedi.

Onun sözlərinə görə, əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirsə, bu məsələyə dair hər hansı bir şəffaflıq yaratmalıdır:

"BMT-nin itkin düşmüş şəxslərlə bağlı həm müvafiq konvensiyası, həm də BMT-nin nəzdində fəaliyyət göstərən müvafiq qurum var. Həmin qurum Ermənistan hökuməti ilə əməkdaşlıq etməli və ondan tələb etməlidir ki, Azərbaycanın itkin düşmüş vətəndaşların taleyinə aydınlıq gətirsin. Yəni hazırda əgər Ermənistan hökuməti istəyirsə ki, Azərbaycanla sülh müqaviləsi imzalansın, ikitərəfli münasibətlər bərpa edilsin, xalqların arasında etimad mühiti yaradılsın, bu məsələyə aydınlıq gətirməlidir. Çünki həmin insanların yaxınları onları axtarır".

zeynal serh

Politoloq BMT-nin bu məsələdə iştirakının çox mühüm əhəmiyyət daşıdığını vurğuladı:

"Burada BMT-nin vasitəçiliyi çox mühüm əhəmiyyət kəsb edir. Elnur Məmmədovun da qeyd etdiyi kimi, elə BMT-nin birbaşa iştirakı ilə məsələ həll edilməlidir. Yəni bununla bağlı Birləşmiş Millətlər Təşkilatı nə dərəcədə effektiv olacaq. Bu da təbii ki, sual altındadır. Açıq desək, artıq BMT ölü bir qurumdur və biz beynəlxalq ədalətin olmadığını bu müddət ərzində görmüşük. Bu müddət ərzində neyləmişiksə də, elə özümüz etmişik və buna görə də BMT-nin burada hansısa bir yüksək mexanizmin olacağını mən düşünmürəm. Amma yenə də çağırışdan sonra BMT üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Çünki bu, humanitar bir məsələdir. Ona görə də Azərbaycan hökumətinə dəstək olmalıdır".

Qeyd edəki, Elnur Məmmədov BMT-nin müvafiq orqanlarını və mexanizmlərini itkin insanların taleyinə aydınlıq gətirmək və Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırıb.

Türkan İSGƏNDƏRLİ