"Fransa Ermənistanı silahlandırmaq üçün bəhanə yaradır"

 18:28 26.02.2025     96

Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini Azərbaycan və Ermənistan arasında müharibənin ehtimal edilən bir vəziyyət olduğunu deyib. O, bu fikirləri Ermənistanın radiosuna açıqlamasında bildirib. Dekotininin bu bəyanatı ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, Fransa bu açıqlamalarla Ermənistanı silahlandırmaq üçün bəhanə yaratmaq istəyir.

"Burada bir neçə fərqli məqsəd ola bilər. Məqsədlərdən birincisi odur ki, əslində Fransa burada Ermənistanı silahlandırmaq üçün özünə bir səbəb yaradır. Yəni tezliklə sülh müqaviləsi imzalanacaqsa, onda sual oluna bilər ki, nəyə görə Ermənistanı silahlandırırlar? Ona görə iddia eləməlidirlər ki, bəs müharibə gözlənilir və burada daha çox Azərbaycanı ittiham edəcəklər ki, Ermənistana hücum etmək istəyir, ona görə də Ermənistanı silahlandırma, hərbiləşdirmək lazımdır. Hətta Ermənistanla Fransa hansısa xüsusi müdafiə müqaviləsi imzalayacaq, Ermənistan Fransanın təhlükəsizlik çətiri altına girəcək. Yəni həm əhaliyə, həm beynəlxalq güclərə bunu nümayiş etdirmək üçün də bir bəhanə lazımdır. Məsələnin bir tərəfi budur.

İkinci tərəfi ondan ibarətdir ki, burada Fransa səfiri ola biləcək potensial hər hansı münaqişə qarşısında preventiv açıqlama vermiş ola bilər. Deyək ki, Azərbaycanın Ermənistana hər hansı bir müharibə etmək fikri olmasa belə, bu cür açıqlama verməklə, faktiki olaraq öncədən hər hansı gələcək meyillərin qarşısını almaq istəyi yarana bilər. Azərbaycan hansı məqamda Zəngəzur dəhlizi ilə bağlı hərəkətə keçmək istəsə, bununla bağlı öncədən bu cür açıqlamalar çəkindirici mahiyyət daşıyır".

Politoloq Fransanın vəziyyəti daha da dramatikləşdirmək və qəlizləşdirmək istəyən bir yanaşma sərgiləmək niyyətində olduğunu da əlavə etdi.

"Üçüncü məsələ ondan ibarətdir ki, burada Ermənistan tərəfinin özündən bir təxribat ola bilər. Amma bunu Azərbaycan tərəfinin üzərinə atmaq üçün bu şəkildə bir açıqlama verilə bilər. Daha sonra desinlər ki, "bəs biz öncədən xəbərdarlıq eləmişdik, Azərbaycan Ermənistana hücum etmək istəyirdi, biz bunu bilirdik, kəşfiyyat məlumatları vardı, ancaq bizim bütün bu çəkindirmələrimizə baxmayaraq, müharibə baş verdi". Faktiki olaraq Ermənistan hətta Rusiya, yəni üçüncü bir qüvvə tərəfindən baş verən təxribatı Azərbaycan üzərinə ata bilirlər. Bu versiyaların olmama ehtimalı da var. Sadəcə olaraq Fransa səfiri həmişəki kimi vəziyyəti daha da dramatikləşdirmək, daha da qəlizləşdirmək istəyir", - deyə Turab Rzayev bildirdi.

Türkan İSGƏNDƏRLİ