Paşinyan: Azərbaycanla sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb - YENİLƏNİB

 20:57 26.02.2025     135

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Hökümət başçısı bildirib ki, ötən gün İrəvan saziş layihəsi ilə bağlı Bakıdan cavab alıb.

"Bu, artıq sülh müqaviləsinə 12-ci düzəlişdir. Sənəd Azərbaycanın bizim əvvəlki təkliflərimizə münasibətini əks etdirir. Hazırda cavab təşəbbüslərini formalaşdırmaq üçün onun təhlilini aparırıq" - Baş nazir qeyd edib.

Onun sözlərinə görə, tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib və Bakı hələ ki, İrəvanın kommunikasiyaların açılması təklifinə rəsmi cavab verməyib.

"Biz öz təkliflərimizi təqdim etmişik və Azərbaycandan müsbət cavab alacağımıza ümid edirik. Söhbət iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasından, o cümlədən Azərbaycanın qərb rayonlarından Ermənistanın suveren ərazisindən keçməklə Naxçıvana yüklərin tranzitindən gedir. Öz növbəsində Ermənistan Yerasx-Meğri marşrutu üzrə dəmir yolu əlaqəsi imkanı əldə edəcək", - Paşinyan əlavə edib.

//apa