Tramp Finlandiya və İsveçin NATO-dan çıxarılmasına nail ola bilərmi? - AÇIQLAMA

Finlandiyanın Beynəlxalq Münasibətlər İnstitutu bildirib ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Moskva ilə münasibətlərini yaxşılaşdırmaq üçün Finlandiya və İsveçin NATO-dan çıxarılmasını tələb edə bilər.
Bəs bir NATO üzvünün digər üzvlərin alyansdan çıxarılmasını tələb etmək hüququ varmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, Amerika Prezidenti Donald Tramp hazırda nəyin bahasına olursa-olsun, Ukrayna savaşının dayandırılmasına cəhd göstərir:
"Hiss olunur ki, Tramp bu məsələdə həddindən artıq tələsik addımlar atmağa çalışır. Son zamanlar Ağ Ev sahibinin verdiyi açıqlamalar, geniş miqyasda Rusiya Prezidenti Vladimir Putinin mövqeyi ilə tamamilə üst-üstə düşür. Donald Tramp Ukrayna mövzusuna daha çox Kremldən baxmağa üstünlük verir. Bu da təbii ki, Qərb siyasi dairələrində müəyyən qıcıq oyadır. Ancaq Trampın bəzi təklifləri və tələbləri reallıqdan tamamilə uzaqdır. Məsələn, son bəyanatlarda bildirilir ki, Ukrayna savaşında nizamlanma prosesinin uğur qazanması üçün NATO-nun 1997-ci il sərhədlərinə qaytarılması olduqca vacibdir. Amma bu o qədər də asan reallaşdırılacaq bir məsələ deyil. Çünki, bu təklif reallaşarsa, Finlandiya və İsveç NATO sıralarından xaric edilməlidir. Halbuki, bu mümkün deyil. Bunun bir mexanizmi yoxdur".
Politoloq qeyd etdi ki, hər hansısa bir dövlət üzv dövlətlərinin səsi və ya təsdiqləməsi ilə NATO-ya üzv olursa, o dövlətin NATO-dan xaric edilməsi kimi mexanizm mövcud deyil.
"Hər hansısa bir dövlət yalnız özü çıxmaq barədə qərar qəbul edə bilər. NATO 1997-ci il sərhədlərinə geri dönəcəksə, Finlandiya və İsveç NATO-dan çıxarılması ilə bağlı məsələ gündəmə gələcəksə, bu barədə qərarın verilmə hüququ böyük ölçüdə, Finlandiya və İsveçin özünə aid məsələdir. Finlandiya və İsveçin yaxın vaxtlarda NATO-dan çıxmaqla bağlı qərar verəcəkləri inandırıcı görünmür. Hazırda bütün Avropada olduğu kimi Finlandiya və İsveçdə də Rusiyanın aqressiv davranışlarından, yaxın gələcəkdə Avropa məkanına hərbi təhdid yarada biləcəyindən narahatdır. Böyük ehtimal ilə Finlandiya və İsveç NATO-dan çıxmaqla bağlı məsələnin reallaşdırılmasına razılıq verməz", - deyə E.Xalidbəyli vurğuladı.
Aytəkin TOFİQQIZI