"Tramp şəxsi kininə görə Zelenskini cəzalandırır" - Politoloq

Xəbər verdiyimiz kimi, Ağ Ev Ukraynaya hərbi yardımı dayandırdığını açıqlayıb. ABŞ prezidenti administrasiyasının rəsmisi münaqişənin həllinə töhfə vermək üçün yardımı dayandırdıqlarını və bunu nəzərdək keçirdiklərini bildirib.
Məsələylə bağlı Redaktor.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımları dayandırması, Rusiya prezidenti Vladimir Putinin işğalı genişləndirməsinə stimul verəcək:
“Göründüyü kimi Tramp Kremlin normativləri və təlimatları əsasında hərəkət edir və bunu sülh adlandırır. Amma sülh elan etmək üçün Rusiyanı durdurmaq lazımdır. Amma göründüyü kimi, Rusiya məqsədinə çata qədər hərbi əməliyyatları davam etdirəcəyini deyir. Ukrayna tərəfi isə sülh və təhlükəsizlik təminatı istəyir. Artıq Elon Mask da Zelenskini Ukraynanı tərk etməyə çağırıb. Yəni Ağ Evdə də Zelenskiyə qarşı siyasi və psixoloji təzyiqlər oldu və bu da planlaşdırılmışdı".
"Düşünürəm ki, Amerika yardımları dayandıracaq. Amma Böyük Britaniya və Avropa dövlətləri Ukraynaya ayrı-ayrılıqda hərbi yardımlar edəcək. Rusiya isə əvvəkli gücündə deyil, kifayət qədər zəifləyib, Trampın ümumiyyətlə Ukrayna-Rusiya müharibəsi ilə bağlı hər hansı bir planı yoxdur. Sadəcə plan ondan ibarətdir ki, Ukrayna təslim olsun və yeni dünya siyasi nizamı qurulsun. Həmçinin Trampın Zelenskiyə qarşı şəxsi kini var və ona görə də bu istiqamətdə Ukrayna prezidentini cəzalandırır”.
Vasif ƏLİHÜSEYN