Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü

 22:50 04.03.2025     125

Xarici işlər naziri Ceyhun Bayramov martın 4-də inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmam ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə Azərbaycanın D-8-ə üzvlüyündən irəli gələn əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Nazir Ceyhun Bayramov D-8-in ötən ilki sammiti çərçivəsində ölkəmizin Təşkilata üzv seçilməsinin Azərbaycanın artan regional və beynəlxalq nüfuzunun, habelə Təşkilat tərəfindən göstərilən etimadın təcəssümü olduğunu məmnunluqla qeyd edib.

Üzvlüyümüzün öz növbəsində D-8-in tarixində ilk genişlənmə olaraq tarixə düşdüyü, öz növbəsində ölkəmizin təmsilçiliyinin, o cümlədən Təşkilatın coğrafiyasının genişlənməsində mühüm rol oynadığı qeyd edilib.

Azərbaycanın bundan sonra da ikitərəfli əsasda, o cümlədən D-8 çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyi qeyd olunub.

Tərəflər, eyni zamanda D-8 çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, kommunikasiyalar, humanitar, təhsil və s. sahələr üzrə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu qeyd edərək, bu istiqamətdə gələcək planlar üzrə müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.