Trampın hərəkətləri Rusiyanı iştahlandırıb - İndi də Yaponiyaya təzyiq edir

 19:16 05.03.2025     125

Rusiya Ukraynanı dəstəklədiyi üçün Yaponiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın xarici işlər naziri İvaya Takeşi ilə yanaşı, bu ölkənin 9 vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Sanksiya siyahısına Yaponiyanın Kiyevdəki səfiri Nakaqome Masaşi, Yaponiyanın Kiyevdəki keçmiş səfiri Matsuda Kuninori, ölkənin Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndələri və bəzi biznes rəhbərləri daxildir. Rusiyanın bu addımına münasibət bildirən Yaponiyanın XİN rəhbəri İ. Takeşi bildirib ki, Moskvanın bu qərarı qəbuledilməzdir.

Sanksiyalar Yaponiyanın mövqeyinə təsir göstərə biləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Turab Rzayev bildirdi ki, Yaponiyanın açıq şəkildə Ukraynanın yanında mövqe alması sanksiyaların əsas səbəbidir:

"Çünki Yaponiya Ukraynanı açıq şəkildə dəstəkləyən ölkələrdən biridir. Uzun müddətdir ki, tamamilə Ukraynanın yanında yer alan Qərb bloku yalnız NATO ölkələrindən ibarət deyil, həm də Cənubi Koreya, Yaponiya kimi ölkələr açıq şəkildə Ukraynanı dəstəkləyirlər. İndiyə qədər belə addımlar atılmamışdı. Lakin Trampın bu məsələdə Baydenin xəttini davam etdirməməsi və Tramp administrasiyası ilə Avropa İttifaqının mövqeylərinin üst-üstə düşməməsi, Rusiyaya belə bir şərait yaradıb ki, Yaponiyaya və digər Asiya ölkələrinə təzyiq etsin. Bu, təzyiqin bir hissəsidir".

Siyasi şərhçi qeyd etdi ki, Rusiya Yaponiya və digər Asiya ölkələrini Ukrayna ilə bağlı siyasətlərini yenidən nəzərdən keçirməyə məcbur etmək istəyir.

"ABŞ-nin siyasətindəki yeniliklər nəzərə alınmalıdır. Rusiya istəyir ki, Yaponiya Ukraynanın mövqeyini dəstəkləməsin. Sanksiyalar əsasən bununla bağlıdır. Yaponiyanın açıqlamalarından da görünür ki, Yaponiya hələ ki, bu siyasəti dəyişmək niyyətində deyil. Sadəcə, Rusiyanın qoyduğu qadağaların ağır və mənasız olduğunu hesab edərək, qadağaların qaldırılmasını istəyirlər", - deyə T.Rzayev bildirdi.

Aytəkin TOFİQQIZI