"Bu, Paşinyanın atdığı böyük addımdır" - Fazil Mustafa

"Ermənistan öz dövlətinin maraqları üçün müəyyən addımlar atır və silahlanır. Həmçinin, müxtəlif bəyanatlar və çıxışlar edir".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Ermənistanın Baş naziri Nikol Paşinyanın son çıxışlarını şərh edərkən bildirdi.
Onun sözlərinə görə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı müəyyən şərtlər mövcuddur:
"Konstitusiyanın dəyişdirilməsi asan deyil. Uzun illərdir, erməni cəmiyyətinin qəbul etdiyi iddialar darmadağın edilmişdir. Paşinyan, ermənilərin yanlış ideyaya bağlandığını, Böyük Ermənistan ideyasının anormal olduğunu, hətta soyqırımının belə suni şəkildə ermənilərə sırındığını etiraf edib. Bu, Paşinyanın atdığı böyük addımdır".
Millət vəkili qeyd etdi ki, daxili məsələlərdə müəyyən daxili qüvvələrin nisbəti nəzərə alınır.
"Çünki konstitusiya mövzusu müzakirəyə çıxarıldı, lakin lazımlı nəticə əldə edilmədi. Bu baxımdan konstitusiyanın dəyişdirilməsi problemi kimi qiymətləndirilir. Bu məsələlərə daxili rəy əsasında atılan addımlar kimi baxılmalıdır.
Ermənistanın Amerikadan və Fransadan nə qədər asılı olduğunu müəyyən etmək çətindir. Bütövlükdə bəzi dəyişikliklərin edilməsi üçün, konstitusiyanın hər kəs tərəfindən qəbul olunan variantı hazırlanmalıdır. Bu variant hazırlanmasa, atılan addım riskə girmək hesab olunacaq. Konstitusiya qəbul olunmazsa, bütün hökumətin siyasəti tənəzzülə uğrayar. Bunu yəqin ki, Paşinyan proqnozlaşdırır", - deyə F.Mustafa bildirdi.
Aytəkin TOFİQQIZI