"Azərbaycan və Türkiyə bərabər hərəkət etdikdə istənilən problemi həll etməyə qadirdirlər" - Vitse-spiker

 14:55 06.03.2025     124

"Dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərini videobağlantı formatında açmaları sadəcə uzun illər boyu təcavüzkar Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvanın qaz təchizatı probleminin həll edilməsi demək deyildir. Bu, cənab Prezidentimizin mərasimdəki nitqində dediyi kimi, Azərbaycan-Türkiyə qardaşlığında önəmli bir gündür".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, deputat Musa Qasımlı İğdır-Naxçıvan qaz kəmərinin açılışı ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Vitse-spiker hesab edir ki, bir il yarım əvvəl başladılan layihənin həyata vəsiqə alması ölkələrimizin əzmini göstərir.

"Nitqdə Naxçıvanın Azərbaycanın digər ərazilərindən ayrı düşməsinin tarixinə nəzərə yetirilməsi məncə, təkcə tarixi yaddaş məsələsi deyil, bu problemin həllinin siyasi, diplomatik, informasiya bazasının hazırlanmasıdır. Naxçıvanın enerji təhlükəsizliyində mühüm amil olan kəmər qardaşlığımızın nümunələrindən biri olmaqla türk dövlətlərinin də mövqelərini gücləndirir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan və Türkiyənin həyata keçirdikləri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri ölkələrimizi birləşdirməklə yanaşı Avrasiyanın enerji xəritəsini dəyişdi. Avropanın bir neçə ölkəsi bu gün Azərbaycandan aldığı qazın hesabına enerji təhlükəsizliyini təmin edir. Ölkələrimizi gücləndirən həmin layihələr türk dünyasının birləşdirilməsində mühüm rol oynayırlar. İğdır-Naxçıvan qaz kəmərinin açılışı bir daha göstərdi ki, Azərbaycan və Türkiyə bərabər hərəkət etdikdə istənilən problemi həll etməyə qadirdirlər", - deyə Musa Qasımlı vurğulayıb.

Turan İSMAYIL