Siyasi partiyaların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri təşkil olundu

Bu gün Azərbaycan Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, politoloqlar, bir neçə baş redaktor və jurnalistin Xankəndi, Xocalı və Əsgəran rayonlarına səfəri təşkil olunub.
Redaktor.az-ın xəbərinə görə, səfərdə Azərbaycanda fəaliyyət göstərən 24 siyasi partiyanın nümayəndəsi iştirak edib.
Səfər iştirakçıları Əsgəran qala-kompleksi, daha sonra Xocalı Soyqırımı Memorialında aparılan işlərlə tanış olublar.
Onlar daha sonra Xocalının Ballıca kəndində və Xankəndi şəhərində olublar.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyətli olduğunu vurğulayıb.
"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi dəyərləndirilməlidir" deyə, Ədalət Vəliyev bildirib: "Müharibə dövründə olduğu kimi hər zaman vətənpərvər qüvvələri birləşdirən əsas amil milli maraqlar və dövlətçilik mövqeyidir".
Sayca 5-ci olan bu səfərdən əvvəl də siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlər təşkil olunub.
Bu cür səfərlər iki dəfə Şuşaya, Ağdama və Zəngilana təşkil olunub.
Şuşaya səfərlərin birində partiya sədrləri Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak ediblər.
