"Ölkəmizin Qərbi Azərbaycan məsələsi üzrə apardığı mübarizə yalnız bir ərazi məsələsi deyil"

 13:31 10.03.2025     159

"Tarixi məsələlər yalnız müəyyən bir coğrafi və siyasi çərçivəyə sığmır. Qərbi Azərbaycan məsələsi İrəvana qədər uzanır və orada da sonlanmalıdır. Bu yanaşma tarixi zərurətlər və insanlıq tarixinin dərin izlərini özündə daşıyan vacib bir konseptdir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentdə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, hər hansı bir milli mübarizənin əsas məqsədi yalnız bir dövlətin sərhədlərinin genişlənməsi deyil, həm də xalqın genetik kodlarını, maddi və mədəni irsini qorumaq və gələcək nəsillərə ötürməkdir:

"Bu, sadəcə, ərazilərin bərpası deyil, eyni zamanda, millətimizin öz varlığını qorumaq və inkişaf etdirmək üçün atdığı addımlardır. Qərbi Azərbaycan məsələsi bu baxımdan xüsusi bir yerə sahibdir. Həmin məsələnin həlli yalnız ərazilərimizin geri qaytarılması ilə deyil, həm də həmin ərazilərdə xalqımızın hüquqlarının təmin edilməsi ilə bağlıdır. Bu yanaşma Azərbaycan xalqının müstəqilliyinin və suverenliyinin təmin olunmasında əsas rolu oynayır".

Z.Oruc deyib ki, hər bir məlumatın gerçək, doğru və milli kimliyə uyğun olması vacibdir.

“Gələcək nəsillərə yalnız doğru, dəyərli və mənəvi zənginlikləri ötürməklə xalqın mədəni irsini qorumağa müvəffəq ola bilərik. Bu baxımdan ölkəmizin Qərbi Azərbaycan məsələsi üzrə apardığı mübarizə yalnız bir ərazi məsələsi deyil, bir millətin öz kimliyini qorumağa və haqqı-ədaləti bərpa etməyə yönəlmiş addımıdır. Biz bu ideologiyanı daha geniş şəkildə təbliğ etməli, xalqın bütün üzvlərini bu mübarizəyə cəlb etməli və ardıcıl şəkildə qələbə ideologiyamızı formalaşdırmalıyıq”, - deyə komitə sədri bildirib.