"Zelenskini Trampa məktub yazmağa vadar ediblər"

Respublikaçıların xüsusi elçisi Stiv Uitkoff "Fox News" telekanalında çıxışı zamanı deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampa məktub göndərib. O, bunun mühüm addım olduğunu qeyd edib.
Zelenskinin Trampa məktubu iki ölkə arasında soyuqlaşan münasibətlərə və Rusiya-Ukrayna nüharibəsinin gedişatına necə təsir göstərəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, burada qeyri-adi dəyişiklik baş verməyəcək:
"Zelenskinin məktubu ondan xəbər verir ki, ABŞ Ukrayna üçün önəmli faktordur. Görünür ki, Zelenski özü yox, ona bunu vadar ediblər ki, məktub göndər və məsələləri yoluna qoy. Əks təqdirdə daha ağır bir nəticələr yarana bilər. Tramp yox, başqa bir siyasi xadim olsa idi, bəlkə də buna ehtiyac olmazdı. Nəticələri yola qoya bilərdilər".
Politoloq qeyd etdi ki, Tramp nisbətən siyasət aləmindən uzaq şəxsdir.
"Hər şeyə biznes təfəkkürü ilə baxır və bu, münasibətlərdə daha gərgin hal yarada bilər. Hər vəziyyətdə Trampın sağına, soluna keçə bilmirlər. Düşünürəm ki, belə məktub göndərməyə Zelenskini vadar ediblər. Çünki, ola bilər ki, ABŞ Ukraynaya sanksiya tətbiq edə bilər. Çox ciddi dəyişiklik olacağını düşünmürəm. Zelenskinin üzr istəmə məktubu ilə çox şey dəyişməyəcək. Maddi resurslar məsələsində problemlər qalacaq. Bunların hamısı nisbətən aranı sakitləşdirmək üçün ola bilər. Düşünmürəm ki, Tramp yenidən Ukraynanı silahlandırsın. Ən yaxşı halda Ukraynaya maddi dəstək verilə bilər. Ukraynaya fayda veriləcək addım atılmasını gözləmirəm", - deyə S.Hümbətov vurğuladı.
Aytəkin TOFİQQIZI