"Artıq özləri etiraf edirlər ki, "böyük Ermənistan" ideologiyası saxtadır" - Deputat

 17:42 11.03.2025     164

Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan "böyük Ermənistan" ideologiyasını nağıl adlandırıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisdə Xocalını təmsil edən deputat Elman Məmmədov bildirdi ki, bu gün onların öz siyasətçiləri, öz ideoloqları "böyük Ermənistan" ideyasını təkzib edirlər.

"Şükür ki, bu gün cinayətkarlar özləri etiraf edirlər ki, onların neçə yüz illik, tarixən dünyaya yaydıqları cəfəngiyyat, yəni “böyük Ermənistan” xülyası, yalan, saxta tarixdən başqa bir şey deyilmiş. Artıq bu gün bunu biz demirik, özləri deyirlər və özləri etiraf edirlər. Bunların uzun illər ərzində dünyaya yaydıqları mif, yalan tarix indi özləri tərəfindən ifşa olunur. Bu cəfəng ideyalarla müxtəlif xalqlara məxsus olan torpaqları özününküləşdirmək məqsədilə belə bir yalan tarix yaradıblar: "Dənizdən dənizə Ermənistan", "böyük Ermənistan imperiyası" və s. İşğalçı, terrorçu ermənilərin kim olduğu, qoy onları müdafiə edənlərə aşkar olsun. Onlar utansınlar öz hərəkətlərindən ki, belə bir saxta toplumun, saxta tarixə əsasən bizə qarşı tarix boyu pislik etməklə məşğul olublar. Arkadi Qukasyan da bilir, digərləri də biləcək və məlum olacaq ki, bunlar elə saxta tarix boyunca belə murdar əməllərlə məşğul olublar", - deyə deputat bildirdi.

Aytəkin TOFİQQIZI