"Atəşkəs o demək deyil ki, müharibə tamamilə dayanacaq" - Zərdüşt Əlizadə

ABŞ və Ukrayna nümayəndələrinin dünən Ciddədə keçirilən danışıqlarından sonra Amerika lideri Donald Tramp açıqlamasında bildirib ki, Ukrayna atəşkəs elan olunmasına razıdır, Rusiyanın mövqeyi isə hələ ki, məlum deyil.
İndi hamını düşündürən sual odur ki, Rusiya da atəşkəsə razılıq verəcəkmi? Belə bir razılıq olarsa, müharibə tamamilə dayana bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, Rusiya seçim qarşısındadır.
"Rusiya 30 günlük atəşkəsə razılaşarsa, müharibə bu zaman dayanacaq. Amma bu, o demək deyil ki, müharibə tamamilə dayanacaq. Atəşkəsə Rusiya razılaşacaq, razılaşdıqdan sonra Ukraynaya zərbə endirməyə davam edəcək və bunu Ukraynanın etdiyini söyləyəcək. Eyni şəkildə, Ukrayna zərbə endirdikdə, bunu Rusiyanın etdiyini bildirəcək. Hər şey Trampın tərəflərə münasibətindən asılıdır. Amerika kəşfiyyatı fəaliyyət göstərəcək. Müəyyən olunacaq ki, tərəflər arasında münaqişəni başladan tərəf hansıdır. Əgər müəyyən olunsa ki, Rusiya zərbə endirir, - çox böyük ehtimalla Rusiya zərbə edəcək, - bu zaman vəziyyət Trampdan asılıdır. Çünki o, Rusiyaya qarşı hansı tədbirləri tətbiq edəcəyini müəyyən edəcək", - deyə politoloq vurğuladı.
Aytəkin TOFİQQIZI