Moskva atəşkəslə razılaşmasa, Rusiyanın əleyhinə kifayət qədər sərt addımlar atılacaq - ŞƏRH

 17:53 12.03.2025     88

"Səudiyyə Ərəbistanında əldə olunan razılaşmada Ukraynaya kifayət qədər sərf edən məqamlar var. Ancaq buna hələ sevinmək lazım deyil, çünki bu, adi siravi atəşkəs razılaşması idi. Hər hansısa böyük sülhdən söhbət getmir, burada Rusiya tərəfi iştirak etmir".

Bu fikirləri Redaktor.az-a politoloq Zeynal Əmrəliyev hal-hazırkı ABŞ-Ukrayna-Rusiya münasibətlərini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Ukrayna razılaşmaya imza atmaqla ABŞ-nin dəstəyini təmin edə bilib:

"Məlum olduğu kimi, ABŞ-dən Ukraynaya hərbi yardım və kəşfiyyat mübadiləsi dayandırılmışdı. Ukrayna bu razılaşmanı əldə etməklə həm kəşfiyyat dəstəyini, həm də hərbi dəstəyi qazanmış oldu. Digər bir məqam isə Rusiyanın bu məsələyə necə reaksiya verəcəyidir. Artıq qərar Rusiyadadır, yəni Rusiya qərar verməlidir. ABŞ-dən da kifayət qədər sərt bəyanatlar səsləndirilib ki, Moskva bununla razılaşmasa, Rusiyanın da əleyhinə kifayət qədər sərt addımlar atılacaq. Dünən elə razılaşmanın imzalandığı günün axşamı Rusiya Prezidenti Vladimir Putin Kremldə məhdud sayda bir iclas keçirdi. İclasa əsasən Putinin potensial varisləri hesab olunan prezidentin köməkçisi Aleksey Dyumin və keçmiş prezident, hal-hazırda Rusiyada Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev iştirak edirdi. Burada təxminən 3 saatdan artıq davam edən qapalı görüş keçirildi və görüşdən sonra da heç bir açıqlama verilmədi. Çox böyük ehtimalla Ukraynayla bağlı məsələ geniş şəkildə müzakirə olunub".

zeynal serh

Politoloq qeyd etdi ki, artıq bir neçə gün sonra ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Moskovaya gedəcək.

"Putinlə görüşəcək və Rusiyanın mövqeyi burada öyrəniləcək. Rusiya tərəfi atəşkəs müqaviləsinə açığı çox da isti baxmır, belə düşünürlər ki, bu, sadəcə olaraq Ukraynanın əlini gücləndirmək üçün irəli doğru atılmış bir addımdır. Ukrayna ordusunun bundan sonra ABŞ tərəfindən daha da gücləndirilib, Rusiyaya qarşı sərt addımlar atmağa məcbur ediləcəyini düşünürlər. Xüsusilə nəzərə alaq ki, ABŞ açıq formada Ukraynaya dəstəyini davam etdirəcəyini açıqladı, yəni kəşfiyyat və hərbi dəstəyi davam etdirəcəyini açıqladı. Bu məsələlərə görə də, Moskova çox da atəşkəs müqaviləsindən razı deyil", - deyə Z.Əmrəliyev bildirdi.

Aytəkin TOFİQQIZI