“Sülh sazişinin mətni ilə bağlı danışıqlar yekunlaşıb”

Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb.
Redaktor.az “Trend”ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə, mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik”, - o bildirib.
Nazir vurğulayıb ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların Konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun:
“Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təchizatlarının da ləğv olunması vacib amildir”.