"Rusiya-Ukrayna müharibəsindən çıxış yolunun tapılması elə də asan məsələ deyil" - Deputat

 17:37 13.03.2025     215

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib ki, Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq.

Bu hal gedişatı necə dəyişəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Elman Nəsirov bildirdi ki, müharibənin həll yolunun tapılması asan məsələ deyil.

"Səudiyyə Ərəbistanın Ciddə şəhərində Amerika Birləşmiş Ştatlarının nümayəndə heyəti ilə Ukrayna nümayəndələri arasında görüş keçirildi. Bu görüş çərçivəsində əldə edilmiş razılaşmaya görə hər iki tərəf 1 ay müddətində Rusiya-Ukrayna arasında atəşkəs ideyasını müəyyənləşdirdilər. Hər şey Kremlin davranışından aslıdır. O da bu razılaşmaya gedəcək, ya getməyəcək sualı daha çox aktual idi. Rusiya Prezidentinin köməkçisi bəyan etdi ki, bizə natamam sülh lazım deyil, bizə uzun müddətli sülh lazımdır. Biz 30 günlük atəşkəsə getsək bu, nəticə etibarilə Ukraynanın nəfəs alması, özünə gəlməsi, hərbi qüvvələrini qruplaşdırması üçün vaxt imkanı qazanması olacaq. Buna görə bunun əleyhinə olduğunu bildirdi. Uzun müddətli sülhün müdafiə olunmasından bəhs etdi. Yarımçıq sülhü qəbul etmədiklərini bildirdilər".

Zelenskinin Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq bəyanatına gəlincə, deputatın sözlərinə görə, artıq bu faktın özü onu göstərir ki, Rusiya-Ukrayna müharibəsindən çıxış yolunun tapılması elə də asan məsələ deyil.

"Baxmayaraq ki, Tramp adminstrasiyası bu istiqamətdə bütün qüvvələrini səfərbər edib, müharibəyə son qoyulmasını istəyir, lakin irəli sürülən şərtlər çərçivəsində sülh müqaviləsinin imzalanması indiki reallıqda məhdud görünür", - deyə E.Nəsirov bildirdi.

Aytəkin TOFİQQIZI