Bakı Forumu – beynəlxalq məsələlərin müzakirəsi üçün önəmini artıran məkan - ANALİZ

Bakıda “Gülüstan” sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirin mərasimindəki çıxışında Forumun nüfuz və əhəmiyyətindən danışaraq deyib: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.
Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2011-ci il dekabrın 23-də Prezidentin Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da onun vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib.
Forum qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq ekspertləri birləşdirir.
Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2020-ci ildə VIII Qlobal Bakı Forumu Covid19 pandemiyası ilə əlaqədar təxirə salınıb.
Mərkəz hazırda bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Eyni zamanda Azərbaycan elm və mədəniyyətinin nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması, dünyada təbliği, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir.
Həmçinin Nizami Gəncəvinin ədəbi irsinin araşdırılması və təbliği məqsədilə nüfuzlu yerli və xarici alimlərdən ibarət alimlər şəbəkəsi formalaşdırılıb.
Qeyd edək ki, İranın dövlət rəsmiləri və ədəbi-elminin təmsilçiləri hələ onu fars şairi və İran ədəbiyyatının nümayəndəsi kimi təqdim edir.
İran Prezidenti Məsud Pezeşkian Nizami Gəncəvinin dördüncü anım tədbirinə müraciət göndərib. O, Azərbaycanın bu dahi oğlunu doğulduğu və dünyanın tanıdığı adla Nizami Gəncəvi deyil, “Həkim Nizami” adlandırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dahi Azərbaycanın bu dahi şəxsiyyətinin anım günü ilə bağlı sosial səhifəsindəki paylaşımında yazıb: “Farsdilli mütəfəkkir, alim və şair, öz hekayələri ilə sonrakı nəsillərə sevgi, hikmət və əxlaq bəxş edib”.
Ancaq fars dilli mütəfəkkiri kimi təqdim edilməsi onun bəxş etdiyi sevgi, hikmət və əxlaqa ziddir. Məsud Pezeşkian və İsmayıl Bəqainin belə təqdimatı fars düşüncə sisteminin Nizami Gəncəvini farslaşdırmaq, iranlaşdırmaq kimi nəticəsiz cəhdlərindəndir.
Tehran rəsmiləri bununla Azərbaycanın tarixi və ədəbiyyatına saxtalaşdırıcı münasibətlərinin göstəricisidir.
Bununla belə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilib.
Bu platformanın mövzuları Münxen Təhlükəsizlik Konfransında müzakirə olunan qlobal əhəmiyyətli məsələlərdən heç də geri qalmır. Bu qurum 1963-cü ildə Almaniyanın Münxen şəhərində təsis edilib. Konfransda dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, siyasətçilər, hərbi qulluqçular, iş adamları, qeyri-hökumət təşkilatları və təhlükəsizlik ekspertləri xarici, təhlükəsizlik siyasəti və Qərb dünyasının müdafiəsi, dünyanın müxtəlif bölgələri ilə bağlı aktual diplomatik, protokol tələbləri xaricində cari məsələlərini müzakirə edirlər.
Rusiyanın Valday gölü yaxınlığında 2004-cü ildə eyni adlı Beynəlxalq Diskussiya klubu təsis olunub. 2014-cü ildən klub “Dünyaya Rusiya haqqında danış” formatına keçib.
Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də bu klubdakı məşhur çıxışı unudulmayıb. O, Ermənistan baş naziri Nikol Paşinyanın Tehranda “Ararat” adlı idman klubundakı bəyanatına toxunaraq demişdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.
Təxminən bir il sonra onun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri bunu isbatladı.
Azərbaycan hər iki platformada fəal iştirak edir. Regional və qlobal məsələlərə dövlətin mövqeyini çatdırır. “Antalya diplomatik forumu” Azərbaycan nümayəndələrinin iştirak etdiyi daha bir beynəlxalq platformalardandır. Bu Forum 2020-ci ildə yaradılıb. Məqsədi əsas qlobal problemləri araşdırmaq, həmçinin şəbəkə təhlükəsizliyi konsepsiyasına uyğun olaraq indinin, gələcəyin çağırışlarını müzakirə və təhlil etməkdir. Konfransın əsas mövzusu XXI əsrdə transatlantik münasibətlərin inkişafı, eləcə də Avropa və qlobal təhlükəsizliyin müzakirəsi və fikir mübadiləsidir.
Hazırda dünyanın başlıca problemlərindən biri beynəlxalq enerji daşıyıcıları xətlərinin təhlükəsizliyinin təminidir. Bu baxımdan Azərbaycan qlobal miqyas əhəmiyyətli rollardan birini oynayır.
XII Qlobal Bakı Forumunun mövzusu hazırda qlobal miqyasda dünyanın narahat edən vacib məsələlərdəndir. Xüsusən, dünyanın yeni düzənində neokolonializmin güclənməsi açıq şəkildə hiss olunur. Bunu son günlər güclərarası danışıqlardan da görmək mümkündür. Bakı Forumu bu niyyətin açılması üçün də əhəmiyyətlidir.
Sədrəddin Soltan