"Gürcüstana rəsmi səfər uğurlu keçdi" - Sahibə Qafarova

 11:51 14.03.2025     146

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında martın 10-da və 11-də Gürcüstana etdiyi rəsmi səfəri barədə deputatlara məlumat verib. 

Redaktor.az-ın məlumatına görə, spiker qeyd edib ki, rəsmi səfərin ilk günündə onun başçılıq etdiyi parlament nümayəndə heyəti Tbilisi şəhərindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib:

"Abidənin önünə əklil qoyuldu, ulu öndərin xatirəsi ehtiramla yad edildi.
Rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirildi. 
Görüşlərdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparıldı, möhkəm tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə edildi. 
Qeyd olundu ki, Azərbaycanla Gürcüstanın iş birliyi böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaratmışdır. Xalqlarımızın mənafeyinə xidmət edən bu layihələr Avrasiya məkanında mühüm amilə çevrilmişdir. 
Yüksək səviyyəli münasibətlərin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirildi. Vurğulandı ki, parlamentlərarası əlaqələr Azərbaycanla Gürcüstanın ikitərəfli və çoxtərəfli münasibətlərinin mühüm tərkib hissələrindən biridir. 
İki ölkənin parlament üzvlərinin  beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeyd olundu.
Söhbətlər zamanı regionda vəziyyət, sülh və sabitliyin təmin olunmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıldı. Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların, ölkələrə qarşı qərəzli, ədalətsiz yanaşmaların yolverilməz olduğu bildirildi" 

Sahibə Qafarova bildirib ki, rəsmi səfər çərçivəsində Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq haqqında memorandum imzalayıblar 

"Hesab edirəm ki, hörmətli həmkarlar, Gürcüstana rəsmi səfər uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə öz minnətdarlığımı bildirirəm", - deyə Milli Məclisin sədri çıxışını yekunlaşdırıb. 

Turan ASLAN