"Hökumətin gördüyü işlər iqtisadiyyatın dayanıqlı olmasına xidmət edir" - Spiker

"Müstəqillik dövründə ilk dəfə olaraq 2024-cü ildə ölkəmizin bütün suveren ərazisində keçirilən Prezident və parlament seçkiləri Azərbaycanın müstəqil inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq edib".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2025-ci il 14 mart tarixli plenar iclasında Nazirlər Kabinetinin hesabatı barədə çıxışı zamanı deyib.
Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası xalqımıza və dövlətimizə yeni böyük uğurlar gətirib.
"Dövlət başçısı tərəfindən ölkəmizin inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlüyü və səmərəliyi yüksəldib. Ölkənin iqtisadi dayanıqlığının qorunmasına, modernləşməyə və sosial rifaha xidmət edən düşünülmüş tədbirlər həyata keçirilib.
Məlum olduğu kimi, dövlət başçısının sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Noyabr ayında Bakıda keçirilən COP29 Konfransı Azərbaycanı iqlim dəyişmələri ilə bağlı beynəlxalq dialoqun mərkəzinə çevirib.
Bu cür möhtəşəm tədbirə ev sahibliyi etməklə ölkəmiz qlobal idarəetmədə və dayanıqlı inkişafda konstruktiv rol oynaya bilən bir dövlət olduğunu nümayiş etdirib".
Sahibə Qafarova qeyd edib ki, 2024-cü ildə ümumi daxili məhsulun artımı həm neft, həm də qeyri neft-qaz sahələri hesabına əldə edilib.
"İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də nəqliyyat-tranzit potensialının reallaşdırılması, kənd təsərrüfatının, turizmin, rəqəmsal və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülməkdədir. Hökumətin bu istiqamətdə gördüyü işlər iqtisadiyyatın dayanıqlı olmasına xidmət edir.
Qeyd edim ki, ötən il ümumi daxili məhsul 4,1 faiz artmış və ya mütləq rəqəm ifadəsində 126 milyard manat təşkil edib. Valyuta ehtiyatlarımız il ərzində 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb.
Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ildə büdcədən 5,4 milyard manata yaxın vəsait ayrılıb, il ərzində 5500-ə yaxın insanın doğma yurdlarına köçürülməsi təmin edilib.
Qanunvericilik orqanı olaraq, hörmətli həmkarlar, dövlət büdcəsinin təsdiq və icrasında iştirak etdiyimizə görə mən bəzi büdcə rəqəmlərinə də xüsusi toxunmaq istəyirəm. Dövlət büdcəsinin gəlirləri proqnozdan 5,5 faiz və ya 774 milyon manat çox icra olunub.
Dövlət büdcəsi ilə əlaqədar, hörmətli həmkarlar, mən möhtərəm Prezidentin fikirlərinə istinad etmək istərdim. Dövlət başçısı demişdir: “Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. ...Biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır". Möhtərəm cənab Prezidentin bu sözləri əminliklə söyləməyə bizə imkan verir ki, Azərbaycan dinamik və davamlı inkişaf yolunda bundan sonra da inamla addımlayacaqdır", - deyə sədr bildirib.
Spiker deyib ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır:
"Onu da qeyd etmək istərdim ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilib.
Eyni zamanda, artıq 5 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə deputatların təkliflərinin icrasına dair məlumat daxil edilir".
Turan ASLAN