"ABŞ-nin izlədiyi bəzi siyasətlər Azərbaycan üçün təhlükələr də yarada bilər" - Politoloq

"Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsində davam edir. Bu strateji tərəfdaşlığın əsasını Donald Tramp qoymayıb".
Bu fikirləri Redaktor.az-a politoloq Aqşin Kərimov Azərbaycan-ABŞ münasibətlərini şərh edərkən bildirdi.
Onun sözlərinə görə, Donald Trampdan əvvəl də Bakı ilə Vaşinqton arasındakı əlaqələrin dinamikasında strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi, regional təhlükəsizlik məsələləri aktuallıq kəsb edirdi:
"Lakin Donald Trampın administrasiyası dövründə həmin məsələlərin daha da genişləndirilməsi üçün yeni üfüqlər açılıb. Çünki Donald Tramp Co Bayden administrasiyasından fərqli olaraq, fərqli bir siyasət izləyir. Cənab Tramp Cənubi Qafqazda Ermənistana dəstək durmaq xəttindən özünü bir qədər kənarda saxlayır. Bu, Azərbaycan üçün ABŞ ilə münasibətlər konteksində yeni əlaqələr və tendensiyaların araşdırılmasına zəmin yaradır. Buna görə də Azərbaycan ilə ABŞ münasibətlərində yeni təzahürlər danışıqlarla müəyyənləşəcək. Mən Azərbaycan və ABŞ arasında yaxın zamanlarda yüksək səviyyəli danışıqların başlayacağını istisna etmirəm.
Düşünürəm ki, regional gündəlik, Azərbaycan-Ermənistan sülh gündəliyi, Cənubi Qafqaz, Yaxın Şərqlə bağlı məsələlər vahid geosiyasi məkan portfelində Azərbaycan və ABŞ gündəliyində yer alacaq".
Politoloq qeyd etdi ki, ABŞ-nin izlədiyi bəzi siyasətlər Azərbaycan üçün təhlükələr də yarada bilər.
"Söhbət Vaşinqtonun İran ilə bağlı siyasətindən gedir ki, Azərbaycan burada maksimum ehtiyatlı mövqe tutmağa çalışır. Ümumilikdə isə Azərbaycan və ABŞ münasibətlərini müsbət xarakterizə etmək olar. Gələcək danışıqlarda da onun eksklüziv imkanları mütləq şəkildə nəzərdən keçiriləcək", - deyə A.Kərimov bildirdi.
Aytəkin TOFİQQIZI