"Dövlətimizin ötən il ən böyük uğuru Ağ Evin diqtəsi ilə sülh müqaviləsinin imzalanmamasıdır"

 17:30 14.03.2025     145

"İstənilən hakimiyyətin fəaliyyəti yalnız büdcə öhdəlikləri, maliyyə və iqtisadiyyatın tənzimlənməsi ilə məhdudlaşmır, qonşuları embarqoya məruz qalan regionda tək sanksiyasız ölkə və heç bir dövlətin forpostu olmaması ilə müəyyənləşir. Dövlətimizin ötən il ən böyük uğuru ABŞ və Avropa Birliyinin sərt sanksiya hədələri, qlobal medianın hücumları ilə qələbəmizi əlimizdən almaq, olmadıqda onu ləkələmək cəhdinin iflası, o cümlədən, Ağ Evin diqtəsi ilə sülh müqaviləsinin imzalanmamasıdır.

Əksinə, ötən ilin ikinci yarısında danışıqlarda vasitəçilər prosesdən uzaqlaşdırıldı. Nəhayət, dünən sülh müqaviləsinin tam hazırlığının bəyanı sübut edir ki, tarixdə ilk dəfə prezident İlham Əliyev qələbəmizi sülh müqaviləsinə köçürməyi, onu Ermənistana qəbul etdirməyi bacarıb. Dünya dövlətlərinin müsbət reaksiyası, Türkiyənin sazişi alqışlaması tarixi dəyişikliklərdən xəbər verir. Anlaşma harada imzalanmasından asılı olmayaraq, tarixə Əliyevin Zəfər müqaviləsitək düşəcək!"

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin ötən il üzrə hesabatının müzakirəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, hesabatda ilk növbədə, ötən ildə təhlükəsizliyimizin təmin olunması 1 nömrəli məsələdir:

"Ordumuz müharibədən əvvəlki dövrdən daha güclüdür və təkcə ərazilərimizdə deyil, müttəfiqlərlə birgə xarici məkanlarda da hərbi əməliyyatlar aparmaq iqtidarındadır.

Hesabatda Böyük Qayıdışa həsr olunan 15 səhifəlik bölmə - qalibiyyət təqvimində bir ayrı fəsildir, yeni Vətən quruculuğudur və dünyada heç bir hökumət xarici yardımlar olmadan 100 minlərlə insanını doğma torpaqlarına qaytarmır. Ən böyük insan haqları hadisəsi Qayıdışdır. Avropa dövlətləri bir zəngilanlıya, şuşalıya ev, kənd, məktəb tikməyincə, demokratik, humanist və ədalətli sayıla bilməzlər".

Turan ASLAN