"Onlar bölgədə Ermənistanı qızışdırmaqla məşğul olublar"

"Hazırda Bakıda Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməlləri törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi həyata keçirilir və onlar ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu, Azərbaycan xalqının uzun müddətdir gözləntisi və haqlı tələbi idi. Xüsusilə ədaləti Azərbaycan Respublikası özü təmin etmiş olur".
Bunu ötən gün jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, tarixdə həmişə ədalət mütləq şəkildə zəfər qazana bilər:
"Bu gün Azərbaycan xalqına qarşı çox vektorlu cinayətlər törətmiş və əslində terrorçuluq qiyafəsi və maskası altında gizlənərək özünü dövlət strukturu kimi təqdim edən Ermənistanın həm də hüquqi prosedur qarşısında ifşa olunduğunu görürük. Təəssüflər olsun ki, beynəlxalq hüquqdan hər kəs bəh-bəh ilə danışsa da, beynəlxalq hüququn subyekti olan ölkələr bu günə qədər Azərbaycan və Ermənistan arasında nəinki münasibətlərin normallaşmasına xidmət edir, əksinə, onlar bölgədə Ermənistanı qızışdırmaqla məşğul olublar. Təxribatların olmasında maraqlı tərəf kimi iştirak ediblər".
Politoloq qeyd etdi ki, beynəlxalq hüququn subyekti olan ölkələr Azərbaycanın real haqq səsini eşitməzlikdən gəliblər.
"Dünyanın gözü qarşısında, 90-cı illərin sonunda, Xocalıda və işğal altına alınmış digər ərazilərdə Ermənistanın törətdiyi dövlət cinayətlərinə obyektiv və adekvat reaksiya verməmişdilər. İndi obyektiv və adekvat reaksiya verməyi bacarmayanların siyasi törəmələri separatçıların Bakıda məhkəmə önündə Azərbaycan qanunları qarşısında cavab verməsini siyasiləşdirib, buna başqa don geyindirməyə çalışırlar. Faktiki olaraq, bu gün bir çox cinayətlərdə iştirak etmiş separatçıların məhkəmə önündə cavab verməsi, həm də tarixdə bu tip hadisələri törədənlərin heç vaxt cəzadan yayınmayacağını növbəti dəfə nümayiş etdirir. Eyni zamanda bu, göstərir ki, tarixdə həmişə ədalət mütləq şəkildə zəfər çala bilər. Faktiki olaraq, Azərbaycan xalqı uzun illərdir ki, bu işğalçıların hüquq qarşısında cavab verməsini istəyir. Beynəlxalq hüququn aciz qaldığını görən Azərbaycan bu gün özü beynəlxalq hüququ hər bir formada təmin etmiş olur", - deyə T.İsmayılov bildirdi.
Aytəkin TOFİQQIZI