"Bəzi kiçik ölkələr rəsmi olaraq xilas yolu axtarırlar" - Əziz Əlibəyli

Xəbər verildiyi kimi, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir.
Forumun əhəmiyyəti ilə bağlı Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirdi ki, forum yeni dünya axtarışına həsr olunub.
"Müxtəlif ölkələrin təmsilçiləri burada düşüncələrini bölüşüblər. Amma gəldiyimiz qənaət həqiqətən də budur ki, beynəlxalq nizam yoxa çıxıb, dağılıb. Gələcək necə olacaq, onun qayğıları müzakirə mövzusudur. Bəzi kiçik ölkələr rəsmi olaraq xilas axtarırlar. Bakıda bölüşülən fikirlərdə də bu, aşkar şəkildə özünü göstərir. Xüsusilə böyük imperiyaların arasında, bufer zonada qalmış xalqlar və millətlər tərəqqi və tənəzzül arasında dilemmada yaşayırlar. Onları necə gələcəyin gözlədiyi kifayət qədər ağır mənzərədir. Məncə, Bakıda keçirilən XII Qlobal Forumda dünya ölkələrinin qayğılarını və düşdükləri çıxılmaz vəziyyətləri daha aydın görmək mümkündür" - o dedi.
Əziz Əlibəyli qeyd etdi ki, başqa ölkələrdən fərqli olaraq Bakıda yeni dünya nizamı qayğılarını bölüşmək başadüşüləndir:
"Bakı üç imperiyanın qovşağında, tarixi imperiyanın varisinin qovşağında, bəlkə də bu şərtlərlə öz müstəqilliyini əlində saxlaya bilmiş və 30 il sonra ərazilərini azad edə bilmişdir. Bakı üzərindən çoxu özlərinin enerji təhlükəsizliyini təmin etməyə, ticarət təhlükəsizliyini təmin etməyə gəlir. Bu mövzunu bir az inkişaf etdirək: Azərbaycan həm COP29 keçirdi, ondan əvvəl Azərbaycan dünyaya möhtəşəm tətbiqlər gətirdi. Siyasətdə yeni yanaşmalar, bloklara Qoşulmama Hərəkatı ilə dünya ölkələrinə dəstək durması, kasıblığa qarşı mübarizə ilə çox böyük səhifələr yazdı. İndiki dünya nizamında hər halda Qafqaz səhifəsi Azərbaycana məxsusdur. Azərbaycansız bu bölgədə fəaliyyət göstərmək mümkün deyil. Bölgənin özü isə dünyanın kommunikasiyalarının tam ortasında, strateji nöqtələrdə yerləşir".
Aytəkin TOFİQQIZI