12-ci Qlobal Forumu qlobal səviyyədə mühüm əhəmiyyətə malik bir tədbirdir - Deputat

 12:20 15.03.2025     182

Azərbaycanın 12-ci Qlobal Bakı Forumuna ev sahiliyi etməsi ölkəmizin beynəlxaq müstəvidə verdiyi növbəti bir töhfədir. Ümumilikdə, Qlobal Bakı Forumu yalnız regional deyil, eyni zamanda, qlobal səviyyədə mühüm əhəmiyyətə malik bir tədbirdir və dünya siyasətinə təsir etmək potensialına sahibdir.

Redaktor.az xəbər verir ki, bunu Trend.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, dünyanın nüfuzlu siyasi liderlərini, ekspertləri bir araya gətin forum yeni ideyaların və təşəbbüslərin ortaya çıxmasına şərait yaradır.

“Budəfəki forum da kifayət qədər nüfuzlu şəxslər, 60-dan çox ölkədən 300-dən artıq dünya lideri iştirak edir. Bu baxımdan burada qəbul olunan təkliflər və tövsiyələr gələcək beynəlxalq siyasət və qərarların formalaşmasına təsir edə bilər”, - o deyib.

Deputat bildirib ki, Qlobal Bakı Forumu beynəlxalq səviyyədə mühüm platformalardan biridir və onun əhəmiyyəti bir neçə aspektdə dəyərləndirilə bilər:

“Beynəlxalq dialoq və əməkdaşlığa mühüm töhfə verən forum dünya liderlərini, siyasətçiləri, ekspertləri və akademikləri bir araya gətirərək qlobal problemlər və onların həlli yolları barədə müzakirələr aparmaq üçün mühüm imkan yaradır.

Həmçinin forumda əsas diqqət dünya siyasəti, iqtisadiyyat, təhlükəsizlik, enerji, iqlim dəyişikliyi, sülh və sabitlik kimi vacib məsələlərə yönəlir. Bu, müxtəlif ölkələrin və təşkilatların əməkdaşlığını gücləndirmək üçün önəmli addımdır”.

A.Həsənova əlavə edib ki, Bakı Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırır və ölkənin strateji mövqeyini gücləndirir:

“Bu cür tədbirlər Azərbaycanın regional və qlobal proseslərdəki rolunu möhkəmləndirir. Forum, həmçinin, sülh və multikulturalizmi təbliğ edir. Fərqli millətlərin və dinlərin nümayəndələri burada bir araya gələrək dinc yanaşı yaşama və qlobal həmrəylik mövzusunda fikir mübadiləsi aparırlar”.