"Rusiya əleyhinə ikinci bir cəbhənin açılacağına ümidli olan çevrələr artıq ABŞ-də məğlub olublar"

 14:36 15.03.2025     223

Ciddi hazırlıqları aparılan Tramp-Putin görüşünün uğurlu olduğunu bütün dünyaya göstərmək üçün ilk böyük sövdələşmənin Cənubi Qafqazla bağlı ola biləcəyi haqda gözləntilər özünü doğruldur: artıq həm Azərbaycan, həm də Ermənistan rəsmən təsdiqləyib ki, tərəflər arasında sülh sazişinin mətni tam razılaşdırılıb!

Beləliklə, qalır görüş yeri və bir də Cənubi Qafqaz uğrunda bir-biriylə çarpışan iki nəhəng gücün - ABŞ və Rusiya rəhbərlərinin bu məsələdə razılaşdırılmış ortaq mövqeyi.

Hazırda Azərbaycan və Ermənistan rəhbərliyininin qarşılıqlı şəkildə bir-birinə qarşı irəli sürdüyü "Konstitusiyanı dəyişmək" tələbi isə prosesi məhz ABŞ ilə Rusiyanın ortaq nöqtəyə gələ bilmə anınadək uzatmaq mexanizmidir. "Nəhənglər" dil tapan, ortaq nöqtəyə gələn kimi, çox güman ki, həm Ermənistanda, həm də Azərbaycanda yeni Konstitusiya dəyişikliklərinə getmə qərarı veriləcək.

Hadisələrin axarını diqqətlə izləyənlər bilir ki, Əliyevlə Paşinyan 2023-cü ilin 26 dekabrındakı Sankt-Peterburq görüşündən üzü bu yana, diplomatik manevrlərlə bir-birini çox məharətlə qoruyaraq, yeni böyük hərbi toqquşmalara təhriklərdən yayınmağı və prosesi ABŞ-dəki seçkilər başa çatana, Ukraynadakı geopolitik güc nisbəti tam müəyyənləşənədək uzatmağa çalışırdılar və buna da nail oldular.

Ukrayna savaşı getdiyi ərəfədə Paşinyanı sülhdən yayındırmağa və yeni hərbi eskalasiyalarla Cənubi Qafqazdan da Rusiya əleyhinə ikinci bir cəbhənin açılacağına ümidli olan çevrələr artıq ABŞ-də məğlub olublar və Avropada da siyasi səhnəni tərk edirlər, bu isə Paşinyanın önündəki "Qərb səddi"ni götürür...

İndi əsas məsələ ABŞ və Rusiya rəhbərlərinin görüş tarixinin müəyyənləşdirilməsidir.

Əgər prezident Trampın 9 mayda - faşizm üzərində qələbənin 80 illiyində Moskvaya gəlişi real olarsa, çox güman ki, bu qələbənin əldə edilməsində rolu olan keçmiş sovet respublikalarının - Azərbaycanın və Ermənistanın rəhbərlərinin də iştirakıyla "dördlü format" seçilə və sülh müqaviləsinin imzalanması elə Moskvada da həyata keçirilə bilər.

Azərbaycan prezidenti İlham Əliyevin martın 14-də "Euronews" televiziyasına müsahibəsində "Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq" cümləsi də, çox güman ki, məhz bu perspektivə işarədir.

Yeri gəlmişkən, prezident İlham Əliyev sözügedən müsahibəsində, dolayısıyla, Ukrayna prezidenti Zelenskinin seçdiyi taktikanın hansı aqibət vəd etdiyinə də eyham vurub. Görək, Zelenskisevərlərimiz Azərbaycan prezidentinin bu cümlələrini indi kimin ünvanına yozacaqlar: "...Əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək".

Elxan Şükürlü