"Qərbi azərbaycanlıların qayıdışı Ermənistan dövlətçiliyinin sonu ola bilər" - Deputat

 20:41 17.03.2025     155

"Qərbi Azərbaycana qayıdış Ermənistan və Azərbaycan arasında mümkün dövlətlərarası münasibətlərin bir parçasına çevrilməlidir. Çünki Qərbi Azərbaycan əhalisi Ermənistan adlandırılan Respublikanın qurucu ünsürləridir".

Bu fikirləri Redaktor.az-a deputat Hikmət Babaoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan sözündən narahatlığını şərh edərkən bildirdi.

Onun sğzlərinə görə, qərbi azərbaycanlılar dövlətin təməllərinin atılmasından, inkişaf etməsinə qədər bütün mərhələlərdə öz potensialı ilə iştirak ediblər.

"Dövlətin idarə olunmasında müxtəlif vəzifələr tutmaqla, məmur kimi, təsərrüfatın bütün sahələrinin inkişafında iştirak edən əmək qüvvəsi kimi, sosial, mədəni, elmi mühitdə iştirak edən ziyalı qismində azərbaycanlılar Ermənistan dövlətinin qurucu ünsürləridir. Son yüz ildə Ermənistan dövlət olaraq ortaya çıxıb və süni bir dövlətdir. Süni olsa da, bu prosesdə qərbi azərbaycanlılar iştirak ediblər. Ona görə də Qərbi azərbaycanlılar mütləq qayıtmalıdırlar. Paşinyan niyə bu mövzudan qorxur? Çünki Qərbi azərbaycanlılar istər 1918-ci ildə, istər 1948-1953-cü illərdə, istərsə də 1987-1991-ci illərdə Ermənistan dövlətinin onlara qarşı törətdiyi cinayətin şahididir. Onlar törətdikləri cinayətlərin şahidlərinin və hərbi cinayətin obyekti olan qərbi azərbaycanlıların yenidən ora qayıtmasını istəmirlər".

Müsahibimiz qeyd etdi ki, Ermənistan ərazisi hər qarışında Azərbaycan xalqının tarixi, mədəni köklərinin izlərini daşıyır.

"Maddi, mədəni mirasa ev sahibliyi edir və bu mədəniyyətin sahiblərinin o torpaqlara qayıtması, əlbəttə ki, ermənilərdə vahimə yaradır. Həm törətdikləri cinayətlər baxımından, həm də əlimizdən alınmış torpaqlarımızın kimə aid olduğu məsələsində narahatdırlar. Qərbi azərbaycanlılar qayıdacaqlarsa, ermənilər o torpaqlarda qonaq kimi görünməyə məcbur olacaqlar. Hər kəs bilir ki, o torpaqlar kimindir, torpaqların həqiqi sahibi ora qayıdan zaman ermənilərdə psixoloji vahimə yaradacaq. Onlar bunu istəmirlər. Ona görə də Paşinyan və ermənilər deyirlər ki, qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaları Ermənistan dövlətçiliyinin sonu ola bilər", - deyə deputat bilidirdi.

Aytəkin TOFİQQIZI