"Ermənistana sonuna qədər inana bilmərik" - AÇIQLAMA

Azərbaycan və Ermənistan dövlətlərinin sülh məsələsində razılaşmasına baxmayaraq, Ermənistan atəşkəsi pozmağa davam edir.
Atəşkəsin pozulmasında əsas səbəb nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, hələ rəsmi yazışmalar yoxdur.
"Sülhün razılaşdırılması məsələsini həll etsək də, məlumdur ki, bu sadəcə olaraq şifahi razılıqdır. Nə qədər ki, rəsmi yazışmalar yoxdur, bu kimi hallar baş verəcək. Hər zaman qeyd etmişəm ki, biz Ermənistana sonuna qədər inana bilmərik. Tam sənəd imzalandıqdan sonraki mərhələdə biz nə olacağını deyə bilərik. Hətta sənədin imzalanmasından sonra belə tərəflər arasında gərginlik ola biləcəyi ehtimalı var. Əgər atəşkəs pozulursa, bunun bir neçə səbəbi ola bilər. Bir səbəb o ola bilər ki, Ermənistanın daxilində həqiqətən də bəzi qüvvələr Azərbaycanla sülhün əldə olunmasını istəmir. Ola bilsin ki, xarici üzvlərin təsiri altında olan qüvvələr var ki, onlar sülhü istəmir. Ermənistan hökuməti manipulyasiya etməyə çalışır".
Politoloq qeyd etdi ki, dldə bir söz deyilir, əməldə isə başqa hərəkət edilir.
"Həm daxili, həm də xarici üzvlər sülhü pozmaq istəyə bilərlər. Bu, daxili çəkişmədən yaranan mövzudur. Deyək ki, ölkə daxilində müəyyən bir narazılıq yaratmağa çalışırlar ki, Paşinyan komandasını zəiflətsinlər. Orada artıq bu məsələdən istifadə edə bilərlər ki, baş verəcək istənilən gərginlik Paşinyan komandasında bir məyusluq yaratsın. Nəticədə isə gərginlik yaransın", - deyə S.Hümbətov bildirdi.
Aytəkin TOFİQQIZI