"Rusiya əlində güclü kartlarla danışığa getmək istəyir"

Martan 18-də ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutacaq.
Bəs tərəflər arasında razılaşma əldə oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, son zamanlar Trampın tələbi ilə Rusiya və Ukrayna müharibəsinin dayandırılması üçün bir çox işlər görülür:
"O cümlədən ABŞ-Ukrayna danışıqlarından sonra 30 günlük atəşkəs elan edilməsi haqqında qərara gəlinib. Bu haqda Rusiyaya da xəbər verilib. Martın 18-də ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti ilə telefon danışığı ilə əlaqə saxlayacaq. Tramp bildirib ki, çalışacaq ki, bu məsələləri həll etsin. İnanır ki, buna nail olacaq. Ancaq reallıq başqa şey deyir. Çünki Rusiya daha çox beton təhlükəsizlik istəyir. Çox maraqlıdır. Rusiyanın həm də istəyi odur ki, işğal etdiyi bütün torpaqlar onun tabeliyində qalsın. Buna Ukrayna razı olacaqmı? Təbii ki, yox. Çətin danışılan məsələlər çoxdur. Hesab edirəm ki, sabahkı görüşdə Putinlə Tramp arasında razılaşma əldə olunacaq. Çünki, Putinin başqa çıxış yolu yoxdur".
Politoloq qeyd etdi ki, əgər razılıq əldə olunmazsa, o zaman ABŞ Ukraynanı həddindən artıq çox silahlandıracaq.
"Həm də Avropa İttifaqı Ukraynaya kömək edəcək. Hərbi, siyasi, iqtisadi cəhətdən Ukrayna öz torpaqlarını Rusiya işğalından azad etmək üçün lazım gələn işləri görəcək. Eyni zamanda bu haqda Trampın təhlükəsizlik üzrə müşaviri Uolts öz çıxışında bildirdi ki, əgər Rusiya razı olmasa, Amerika onlara qarşı ciddi tədbirlər görüb, sanksiyalar tətbiq edəcək. Vəziyyət daha da gərginləşə bilər. Hesab edirəm ki, sabahkı telefon danışığından çox şey asılıdır. İnanıram ki, Putin atəşkəs razılığına gedəcək. Ancaq son günlər Rusiyanın Kursk ətrafında daha çox qoşun toplayaraq hücuma keçməsi, öz torpaqlarını ukraynalılardan azad etməsi, digər müsbət nəticələr əldə etməsi Rusiyanın bu danışıqlara əli dolu getmək istəməsindən xəbər verir. Bu danışıqlar çətin olacaq və atəşkəsə riayət olunması da Rusiya tərəfindən çətin olacaq. Onu da bilmək lazımdır ki, onlar mütləq razılaşmalıdırlar. Əks təqdirdə problemlər yaşanacaq. Son günlər Rusiyanın ciddi hücumları daha da artır. Çünki Rusiya öz statusunu daha yüksək səviyyədə göstərmək istəyir. Zelinskinin dediklərində həqiqət var. Sülh istəyənin, raket atmayacağını bildirib. Rusiya əlində güclü kartlarla danışığa getmək istəyir. Ümumilikdə danışıqlar çətin və gərgin olacaq. Artıq ABŞ müharibəni sonlandırmaq istəyir, bunun üçün də lazım olan bütün işlər görülür", - deyə E.Həsənov bildirdi.
Aytəkin TOFİQQIZI