İsrail Qəzzada hərbi əməliyyatları niyə bərpa etdi? - AÇIQLAMA

 13:27 18.03.2025     119

Bu gün İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib. Hücum nəticəsində Qəzzada azı 232 nəfər dinc sakin həlak olub. 

Qəzzada hərbi əməliyyatların bərpa olunması, vəziyyəti necə dəyişə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əlimusa İbrahimov bildirdi ki, İsrailin Qəzzaya hücumlarını bərpa etməsi ilə əldə olunmuş üçmərhələli atəşkəs rejimi təhlükə altına düşdü:

"Yəni birinci mərhələ bitdikdən sonra atəşkəsin ikinci mərhələsinə keçid gözlənilərkən vəziyyətin köklü şəkildə dəyişməsi ciddi problemlər yaradır. Məlum olduğu kimi, İsraillə HƏMAS arasında atəşkəsin əldə olunması heç də asanlıqla başa gəlməmiş və uzun danışıqlar silsiləsindən sonra nail olunmuşdu. Bu prosesin yenidən başlanması ilə əvvəlki vəziyyətə dönməyin mümkün olacağı şübhə altındadır".

Əlimusa İBRAHİMOV - müəllifin son məqalələri və hadisələrin icmalı -  Sputnik Azərbaycan

Politoloq qeyd etdi ki, birinci mərhələ davam edə-edə atəşkəsin hər an pozulması gözlənilirdi.

"Buna həm İsrailin atdığı addımlar, həm də HƏMAS-ın qəbul etdiyi qərarları səbəb kimi göstərmək olar. Hər iki tərəf atəşkəs nəticəsində əldə olunan nəticələrdən sanki narazı idilər. Amma ortada mövcud olan şəraitdən asılı olmayaraq qlobal güclər atəşkəsin saxlanmasının vacibliyini vurğulayırdılar.

Hadisələrin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini söyləmək mümkün deyil. Tərəflər masaya dönəcəkmi? Vasitəçilər hansı addımlar atacaq? ABŞ-nin qərarı kimin mənafeyinə xidmət edəcək? Sualların cavabı məlum olmasa da, məlum olan məsələ atəşkəsin pozulmasından HƏMAS-ın daha çox ziyan görəcəyi diqqətdən yayınmamalıdır", - deyə Ə.İbrahimov bildirdi.

Aytəkin TOFİQQIZI