BƏƏ səfirliyi Bakıda iftar süfrəsi təşkil ETDİ

Martın 18-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi tərəfindən Bakıda iftar süfrəsi təşkil edilib.
Redaktor.az xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Xalid Al Tunaiji iftar süfrəsinə gələnləri müqəddəs Ramazan ayı münasibətilə səmimi-qəlbdən təbrik edərək, bu ayın mahiyyəti, mənəvi əhəmiyyəti və insanlara qazandırdığı dəyərlər barədə danışıb. O, Ramazan ayının müsəlmanlar üçün böyük önəm daşıdığını vurğulayaraq, Birləşmiş Ərəb Əmirlikləri xalqının bu ayda riayət etdiyi xüsusi adət-ənənələr, dini ayinlər və xeyriyyəçilik ənənələri haqqında ətraflı məlumat verib. Xalid Al Tunaiji, eyni zamanda, bu mübarək ayda edilən duaların, tutulan orucların və qılınan namazların Allah dərgahında qəbul olunmasını ürəkdən diləyib, hər kəsə xeyir, bərəkət və əmin-amanlıq arzulayıb.
Sonra tədbir iştirakçılarına Birləşmiş Ərəb Əmirliklərində Ramazan ayına xas adət-ənənələri, ibadətləri və bu müqəddəs ayın xüsusi atmosferini əks etdirən videoçarx təqdim olunub.
Daha sonra müvəqqəti işlər vəkili Xalid Al Tunaiji Azərbaycan-BƏƏ parlamentlərarası əlaqələri üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadəyə səfirlik adından xatirə hədiyyəsini təqdim edib.


