"ABŞ bütün dünyanın sahibi deyil ki, yardımların kəsilməsinə nəzarət edə bilsin"

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa bildirdib ki, Ukrayna ətrafındakı vəziyyətin sülh yolu ilə həlli Kiyevə hərbi yardımın tamamilə dayandırılmasını tələb edir.
Ukraynaya hərbi yardım tamamilə dayandırıla bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, Putinin tələbləri və şərtləri müəyyən mərhələdən sonra Rusiyanın özü üçün ciddi problemlər yarada bilər:
"Xüsusilə də bu şərtlər sülh prosesinin bloklanmasına yol aça biləcək faktlara çevrilə bilər. Çünki elə şərtlər irəli sürür ki, sülh danışıqları və onun məzmunu ümumiyyətlə əhəmiyyətini itirmiş olur. ABŞ bütün dünyanın sahibi deyil ki, yardımların kəsilməsinə nəzarət edə bilsin. Ukraynaya yalnız ABŞ deyil, eyni zamanda Avropa Birliyi ölkələri də yardımlar göstərir".
Politoloq qeyd etdi ki, ABŞ yalnız özünün yardımlarını dayandıra bilər.
"Avropa Birliyinin göstərdiyi yardımlarla bağlı qərar qəbul etmək səlahiyyətinə malik deyil. Əgər ABŞ bu məsələni də öz üzərinə götürmüş olsa, o zaman Avropa Birliyinə təzyiq göstərmək məcburiyyətindədir. Putinin belə tələb irəli sürməsi ABŞ-nin özünü çətin vəziyyətə salan bir məsələdir. Bu baxımdan vəziyyət olduqca qəlizdir və əgər bir qədər Rusiyaya sərfəli vəziyyətin yaranmasından cəsarətlənən Kreml belə maksimalist mövqeydən çıxış edirsə, sonrakı mərhələdə hər şey Rusiyanın əleyhinə çevrilə bilər və indiki sərfəli mövqelər əldən çıxa bilər", - deyə E.Xalidbəyli bildirdi.
Aytəkin TOFİQQIZI