"Donald Tramp Rusiyaya bu vədləri verib ki..." - ŞƏRH

Amerika Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Ukraynada enerji və infrastruktur atəşkəsinə dair razılıq əldə ediblər.
Əldə edilən razılıqdan əsas gözləntilər nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, ABŞ-nin yeni administrasiyası Rusiya-Ukrayna müharibəsini bitirməyi qarşılarına məqsəd qoyduqlarını dəfələrlə bildiriblər:
"Hələ Tramp hakimiyyətə gəlməmişdən əvvəl onun Rusiya-Ukrayna müharibəsi ilə bağlı dəqiq və bəlli konturlar və hədəfləri mövcud idi. Bu baxımdan, Tramp və Putin arasındakı razılaşmaların Rusiya-Ukrayna müharibəsindəki gərginlik fazasını arxa plana keçirdəcək bir səviyyədə olduğunu düşünürəm. Eyni zamanda, ABŞ-Rusiya arasındakı razılaşmanın çox dərin konseptual halqaları da əhatə etdiyini fikirləşirəm. Böyük ehtimalla, Donald Tramp Rusiyaya bu vədləri verib ki, onun prezident kimi fəaliyyət göstərdiyi müddətdə NATO-nun Şərqə doğru genişlənməsində ABŞ tozmozlayıcı bir faktor olacaq. Bunun qarşılığında da Rusiyada Rusiya-ABŞ investisiyalarının Ukrayna minerallarını və faydalı qazıntılarını işlətməyə, istehlak və ixrac etməyə qarışmayacaq. Rusiya Amerikadan NATO-nun hərbi baxımdan Ukraynaya və Rusiya sərhədlərinə yaxınlaşmamaq vədini aldığını düşünürəm. Bu, elə kollektiv Qərblə Rusiya arasındakı narazılığın kökündə dayanan əsas faktorlardan biridir".
Politoloq qeyd etdi ki, Putinlə Tramp arasındakı razılaşma artıq çoxdan dağılmış olan Amerika Anqlo-Sakson klassik tandemini də aradan qaldırıb.
"Bu gün görürük ki, İngiltərə tamamilə Amerikadan fərqli bir siyasət ortaya qoyur. Eyni zamanda, Qərbi Avropa ölkələrinin mövqeləri də Tramp administrasiyasının mövqeləri ilə əsla üst-üstə düşmür. Hər halda, hesab edirəm ki, artıq Amerika ilə Rusiya arasında çox böyük razılıqlar əldə edilib", - deyə T.İsmayılov bildirdi.
Aytəkin TOFİQQIZI