Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə nələr ola bilər?

 14:42 19.03.2025     201

Xəbər verildiyi kimi, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu həbs olunub.

CHP üzvü olan İmamoğlunun saxlanılması Türkiyədə böyük rezorans doğurub.

Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə nələr ola bilər? 

Redaktor.az xəbər verir ki, politoloq Mütəllim Rəhimli bu sualla bağlı özünün versiyalarını yazıb.

1. Bu hadisə təbii ki, Türkiyənin demokratik imicinə zərər vuracaq. Özünə qarşı Avropa və ABŞ-nin əlinə ciddi arqument verəcək.

2. Türkiyə qonşularında müəyyən suallar doğuracaq və tərəddüdlər yaradacaq. Ən yaxşı halda müəyyən qısa müddətdə.

3. İmamoğlunun gələcəkdə Türkiyənin prezidentliyinə gedən yolu daha da açılacaq, ictimai rəydə reytinqi yüksələcək. Təbii ki, bu qarşıdurmada bacarıq və təsir faktoru nəzərə alınmaqla.

4. CHP-nin reytinqi artacaq, təsir gücü çoxalacaq. Ətrafında müxalifətin koalisiyasını formalşadırmaq şansı yaranacaq.

5. Türkiyədə siyasi barışmazlıq artacaq, cəmiyyətdə bölünmə dərinləşəcək.

6. Siyasi gərginlik onsuz da ağır olan iqtisadi həyata mənfi təsir göstərəcək.

7. CHP ictimai rəyi ələ ala bilsə kütləvi müqavimət hərəkatı təşkil edəcək. Bu da İmamoğlunun tezliklə azadlığa qovuşması ilə nəticələnəcək.

8. Bundan sonra CHP AKP-ni növbədənkənar prezident və ya parlament seçkilərinə getməyə məcbur edən siyasət aparacaq.

9. CHP rəhbərliyi iqtidarla separat danışıqlara gedəcəksə, İmamoğlu faktoru unutdurulacaq. Tərəflər məqsədli şəkildə alovlanmaqda olan emosiyaların üstünə "su səpəcəklər".

10. Prezident Ərdoğan məsələyə müdaxilə edəcək və qısa müddətdə İmamoğlu azadlığa buraxılacaq.

M.Rəhimli sonra qeyd edib ki, İmamoğlunun həbsinə Ərdoğan təsadüfən qərar verə bilməz:

"Görünür, qarşıdakı hər bir çətin məqam üçün bir "B" planı fikirləşib".

Turan İSMAYIL