""Qırmızı xətt" keçilərsə, atəş açılacaq, qarşı tərəf susdurulacaq" - MM-in Müdafiə komitəsinin sədri

 16:36 19.03.2025     146

"Əsas məsələ odur ki, atəşkəs niyə pozulur. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycan ordusunun mövqelərini tez-tez atəşə tutmasını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, önəmli məsələlərdən biri Ermənistanın daxilində baş verən proseslər və müxalifətin sülh istəməməsidir.

"Çalışırlar ki, bu prosesdə Azərbaycan adekvat cavab versin. Bütün dünyaya yaysınlar ki, atəşkəsi məhz Azərbaycan pozur. Əsas maraqlar bundan ibarətdir. Orada olan vizual kəşfiyyatçılar istəyirlər ki, öz havadarlarına, eyni zamanda Avropaya məlumat versinlər ki, Azərbaycan tərəfi sülhün bərqərar olmasını istəmir. Erməni əsgərinin müəyyən addımları cüzi təxribatlardır. Lakin bunun arxasında atəşkəsi pozmaq, atəş açmaq, bunlar artıq ciddi problemlərdir. Bu məsələlər mütləq araşdırılmalıdır. Qoşun hissələrimiz bu məsələlərin kəşfiyyatını aparır, sübutları ortaya çıxarır".

Müsahibimizin sözlərinə görə, "qırmızı xətt" keçilsə, cavab veriləcək.

"Çünki Azərbaycan sülhü istəyən bir dövlətdir. Bütün dünyaya bəyan etmişik ki, biz sülhün bərqərar olmasında həddindən artıq maraqlıyıq. Ermənistan sülhü istəmirsə, bu, onun öz işidir. "Qırmızı xətt" keçilərsə, atəş də açılacaq, qarşı tərəf susdurulacaq. Düşünürəm ki, buna hələ ehtiyac duyulmur. Müharibə başlayan zaman ön cəbhə, ardından da rezerv qüvvələr mütləq şəkildə döyüşə cəlb olunurlar. Ermənistan təlim keçmək məsələsini ortaya qoyub. Aprel ayının 1-dən başlayaraq iyuna qədər təlim keçirilməsi haqqında bəyanat veriblər. Bu həddindən artıq çox müddətdir. Bunun müharibə ilə nəticələnəcəyi məsələsi tam formada öz sübutunu tapmır", - deyə Arzu Nağıyev bildirdi.

Aytəkin TOFİQQIZI