Erməni deputatdan Səməd Seyidova müraciət

 17:33 20.03.2025     101

“Mən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrinə birgə iclas keçirilməsini təklif etdim”.

Redaktor.az-ın məlumatına görə, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan öz Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzrə razılığa gəliblər.

“Xalqın bilavasitə seçdiyi və onların mənafeyini qorumaq məsuliyyətini öz üzərimizə götürən deputatlar kimi rolumuzun vacibliyini vurğulamaqla yanaşı, başa düşürük ki, saziş imzalandıqdan sonra hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir. Ermənistan Respublikası Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komissiyasının sədri kimi mən həmkarım, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova rəhbərlik etdiyimiz qurumların birgə iclasının keçirilməsini təklif etdim.

Bu görüş sülh sazişi layihəsi və onun ratifikasiya prosesi ilə bağlı müzakirələr və fikir mübadiləsi aparmaq imkanı verəcək.

Belə bir təşəbbüs ölkələrimiz tərəfindən həyata keçirilən digər etimad quruculuğu tədbirlərini tamamlaya və regional sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.

Ümid edirəm ki, Azərbaycan Milli Məclisindən həmkarım müsbət cavab verəcək və biz görüşün tarixi, yeri və digər zəruri detallar barədə razılığa gələ biləcəyik. İlk görüş yeri kimi Ermənistan-Azərbaycan sərhədində yerləşən neytral zonanı nəzərdən keçirə bilərik”.