"Trampın əvvəlki çıxışlarını unudub, yeni çıxışlarını görə bilərik" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın administrasiyası təkid edir ki, Ukrayna Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarəti təmin edəcək saziş imzalasın.
Ukrayna və ABŞ arasında belə bir saziş imzalana bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Donald Tramp administrasiyası ABŞ-nin nöqteyi-nəzərindən öz istəklərini həyata keçirməyə çalışır:
"Tramp administrasiyası əvvəl bildirdi ki, 350 milyard, indi 123 milyarda düşüb. Bildirirlər ki, biz Ukraynaya yardım etmişik, onları hesablayırıq, onun pulunu alacağıq. Ukrayna isə bunun əksini deyir. Ukrayna deyir ki, onlar yardım olaraq verilib, pul qaytarılmalı deyil. İndi Tramp administrasiyası tələb edir ki, müqavilə imzalansın və Ukrayna ərazisindən keçən istənilən kommunikasiya, iqtisadi layihələr və sairə ABŞ nəzarət etsin. Bu, bir iki illik deyil, təqribən nəzərdə tutulan istək təxminən 30-50 il arasıdır. Bu əsasən müqavilənin şərtindən asılıdır. ABŞ bunu təklif edirsə, öz maraqlarını bir kənara qoyub, Ukraynanın düşünəcəyini gözləmək olmaz. Amma hər halda konsensus əldə edilə bilər".
Politoloq qeyd etdi ki, Ukrayna çətin vəziyyətdə qalarsa, müqaviləni imzalaya bilər.
"Əgər müqavilə imzalanarsa, ABŞ-nin işlərinə müharibə xələl gətirəcəksə, çalışacaq müharibəni dayandırsın. İtirilmiş ərazilərdə ABŞ-nin maraqları təmin olunacaqsa, Trampın əvvəlki çıxışlarını unudub, yeni çıxışlarını görə bilərik. Tramp Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstəyini davam etdirə bilər. Hər hal mümkündür. Müharibə hələ də davam edir. Hansısa fikir yürütmək çox tezdir" - deyə S.Hümbətov bildirdi.
Aytəkin TOFİQQIZI