Tramp Tehranı niyə hədələdi? - "ABŞ yaxın vaxtlarda İrana qarşı hərbi əməliyyatlara başlaya bilər"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ya İranla danışıqlar aparıb, müzakirə edəcəklər, ya da İranla çox pis şeylər olacaq.
Bəs ABŞ və İran arasında çox pis şeylər, yəni müharibə başlaya bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, ABŞ və İran arasındakı münasibətlər hazırda gərginləşmə və savaş təhlükəsinə doğru irəliləyir:
"Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Ağ Evin yeni sahibi Donald Tramp İrana yalnız iki variant təklif edir. Bu variantlardan birincisi, İran nüvə proqramından imtina etməlidir. Bu proqramın icrasını tamamilə dayandırmalıdır. Buna beynəlxalq mexanizmlər üzərindən tam təminat verməlidir. ABŞ və İran arasındakı münasibətlərin normal məcrada qalması və yaxud da sülh məzmununda inkişaf etməsinin əsas şərti bundan ibarətdir. İkinci variant isə Tramp açıq şəkildə bəyan edir ki, əgər İran ABŞ ilə nüvə proqramının dayandırılması məsələsində razılaşmazsa, bu vaxt İranla bağlı çox pis şeylər baş verəcək. Bu da o deməkdir ki, ABŞ İrana qarşı hərbi müdaxilə qərarı verə bilər. Bundan əvvəl də Tramp bildirmişdi ki, İrana nüvə silahı yaratmaq imkanı verilməyəcək".
Politoloq qeyd etdi ki, əgər siyasi və diplomatik danışıqlar ilə mümkün olmazsa, savaş variantı da masadadır.
"ABŞ-də İranla bağlı yekun qərar vermək üzrədirlər. İranla bağlı məsələ artıq ciddiləşməyə başlayıb. Ən pisi də ondan ibarətdir ki, ABŞ və İran arasında savaşın baş verməsi müasir dünya üçün ən ciddi təhlükələrdən biridir. Hər iki dövlət kifayət qədər güclü və müasir silahlara malikdirlər. Yaxın Şərq regionu, qlobal məkanda olduqca təhlükəli hadisələrin törədilməsinə səbəb ola bilər. Ağ Ev sahibi Donald Tramp öz açıqlamalarında israrlı olarsa, İran könüllü şəkildə nüvə silahının yaradılmasından imtina etməzsə, bu o deməkdir ki, ABŞ yaxın vaxtlarda İrana qarşı hərbi əməliyyatlara başlaya bilər. Bu, əslində yolverilməz variantdır. Hesab etmək olar ki, hazırda müasir dünya böyük təhlükə ilə üzləşmək üzrədir. Hər iki tərəfin indiki vəziyyətdə bir-birinə doğru xoşməramlı addım atması müasir dünyanın böyük fəlakətlərdən xilas edə biləcək davranış olardı" - deyə E.Xalidbəyli bildirdi.
Aytəkin TOFİQQIZI