Livan İsraili atəşə tutan silahlıları həbs ETDİ

Livan Ordusu martın 28-də İsrailin şimal rayonlarını atəşə tutan silahlıları həbs edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Livan Ordusunun komandanlığına istinadən məlumat yayıb.
Livan Ordusu İsrail ərazisinə raket atılmasında iştirak edən suriyalı və fələstinlilərdən ibarət qrupu saxlayıb.
İsrail ölkənin şimalındakı Kiryat-Şmon şəhərinin martın 28-də atəşə tutulmasına cavab olaraq Livanın cənubundakı Hizbullah obyektlərinə, o cümlədən Beyruta aviazərbələr endirib. Bu, 27 noyabr 2024-cü ildə imzalanan atəşkəsdən sonra Beyruta endirilən ilk zərbələr olub.
Xatırladaq ki, Livan Prezidenti Cozef Aun aparılan araşdırma zamanı Hizbullahın İsrailin şimalına zərbə endirmədiyinin üzə çıxdığını bildirmiş və atəş açan silahlıların müəyyənləşdirilməsinə çalışdıqlarını bəyan etmişdi.