Emoməli Rəhmon Azərbaycan Prezidentinə məktub göndərdi

 13:39 01.04.2025     144

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq Novruz bayramı münasibətilə ən səmimi təbriklərimizi və ürəkdən gələn xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Qədim tarixə malik bu bayram mədəni irs və çoxəsrlik ənənələrin vəhdətinin təcəssümü kimi sülh və təhlükəsizlik, qarşılıqlı hörmət və dəstək ideyaları əsasında onun coğrafiyasındakı xalqlar arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

Novruzun əbədi yaradıcılıq ənənələri bizi xalqlarımız və ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün daim səy göstərməyə sövq edir.

Tacikistan strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla dövlətlərarası münasibətlərin indiki səviyyəsindən məmnunluq ifadə edir.

Əminəm ki, ölkələrimiz bu qədim bayramın yüksək ümumbəşəri dəyərlərinə əsaslanaraq çoxşaxəli münasibətlərinin məzmununun zənginləşdirilməsi üçün bundan sonra da birgə səy göstərəcək.

Bu əlamətdar günlərdə Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, ölkənizin qardaş xalqına isə xoşbəxtlik, firavanlıq, sülh və əmin-amanlıq, davamlı tərəqqi və rifah arzulayıram”.