"Azərbaycanın ərazi bütövlüyünə qarışmaq Almaniya üçün yaxşı nəticə vəd etmir" - AÇIQLAMA

Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.
Politoloq Zeynal Əmrəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Almaniya tərəfindən belə bir addımın atılması, Bakı və Berlin arasındakı münasibətlərin kəskinləşməsinə səbəb olur:
"Nəzərə alaq ki, Almaniya müharibə dövründə birtəfliyini qorumuş tək-tük Avropa ölkələrindən biridir. Almaniya Cənubi Qafqazda düzgün mövqe seçə bilər və Almaniya Azərbaycan ilə münasibətlərə önəm verir. Xüsusilə Almaniyanın hazırkı Prezidenti Frank Valter-Ştaynmayer uzun müddət bu ölkənin xarici işlər naziri olub. Dəfələrlə Almaniyanın baş diplomatı Cənubi Qafqaza səfərlər edib. Azərbaycanla münasibətlər normal formada inkişaf edib. Buna baxmayaraq, belə təcrübəli bir diplomatın belə bir səhv etməsi həqiqətən də düşündürücüdür. Bu, onu göstərir ki, Almaniyada erməni diasporu çox aktiv şəkildə fəaliyyət göstərir. Alman hökumətinə, Almaniya dövlət dairələrinə nüfuz etməyə çalışırlar. Bu, ümumilikdə böyük səhvdir. Almaniya Cənubi Qafqazda öz siyasi xəttini dəqiq şəkildə müəyyənləşdirməlidir".
Politoloq qeyd etdi ki, Almaniya Prezidentinin Bakıya səfəri gözlənilir.
"Yəqin ki, Azərbaycan dövlət rəsmiləri ilə görüşdə bu məsələ müzakirə olunacaq. Almaniya səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, sərt şəkildə etiraz bildirilib. Bundan sonra Almaniya Azərbaycandan rəsmi formada üzr istədi. Almaniyanın bölgədə iqtisadi maraqlarının olduğunu bilirik. Almaniya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir. Əməkdaşlıq etmək istəyirlərsə, buna xüsusi önəm verirlərsə, Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləməlidirlər. Azərbaycanın ərazi bütövlüyünə qarışmaq Almaniya üçün yaxşı nəticə vəd etmir. Bu, heç xoşagələn hal deyil. Prezident uzun müddət fəaliyyət göstərmiş diplomatdır. Diplomatın Azərbaycana qarşı belə bir səhv etməsi normal qəbul olunan deyil" - deyə Z.Əmrəliyev bildirdi.
Aytəkin TOFİQQIZI