ABŞ-dəki etirazlar Trampın impiçmentinə gətirib çıxara bilər - ŞƏRH

ABŞ-də Prezident Donald Trampa qarşı kütləvi etirazlar başlayıb. Etirazçılar Trampın və Hökümət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın siyasətindən narazılıqlarını ifadə edirlər.
Bu cür etirazlar hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Trampın hakimiyyətə gəldiyi ilk gündən verdiyi bəzi qərarlar və atdığı addımlar oturmuş xarici siyasətdə ciddi ziddiyyətlər təşkil etməyə başlayıb:
"Əlbəttə, bunlar heç də normal qarşılanan hallar deyil. Amerika daxilindəki bəzi qüvvələr bu prosesi yaxşı qarşılamır. Ümumiyyətlə, Amerika dövlətinin özünün də xarici siyasət strategiyasına ziddir. Bu səbəbdən hal-hazırda Trampa qarşı olan etirazlar qaçılmaz idi. Trampın birinci hakimiyyəti dövründə də belə bir hal yaşanıb. Bəzi qərarlar xoşagəlməz idi. Hal-hazırda Qəzza zolağında baş verənlər, Ukrayna məsələsi, gömrük rüsumları, hətta bəzi iqtisadi məsələlərin adı altında Amerika dövlətinin atdığı addımlar, Amerikanın yaratdığı imic üçün böyük zərbə olduğunu düşünürəm".
Politoloq qeyd etdi ki, etirazların baş verməsi gözlənilən idi.
"Düşünürəm ki, etirazlar daha böyük olacaq. Bu etiraz dalğası Tramp hökumətinin impiçment siyasətinə qədər gedib çıxa bilər. Geriyə addım atılmazsa belə hadisələr baş verə bilər. Geri addım atılarsa, problemin qarşısı alınarsa, Tramp bəzi qərarları ləğv edərsə, xüsusilə də ABŞ-nin xarici siyasətində, gömrük məsələlərində vəziyyət düzələrsə, məsələ yoluna qoyula bilər", - deyə S.Hümbətov vurğuladı.
Aytəkin TOFİQQIZI