"Husilərə qarşı döyüş əməliyyatları İranla savaşın ilkin mərhələsidir" - AÇIQLAMA

 17:55 07.04.2025     150

Yəməndəki husi üsyançılarına qarşı Səudiyyə Ərəbistanı və ABŞ-dən dəstək ala biləcək quru hərbi əməliyyatı hazırlanır.
Lakin onun vaxtı hələ müəyyən edilməyib.

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ və Britaniya hərbi qüvvələrinin husilərə qarşı döyüş əməliyyatları İrana qarşı savaşın ilkin mərhələsi hesab olunur:

"ABŞ və onun ən yaxın mütəfiqləri İranın proksi qüvvələrini sıradan çıxarmağa cəhd göstərdilər və husilərə qarşı endirilən zərbələr də bunun tərkib hissəsidir. Böyük ehtimalla Yəməndə husilərlə düşmən olan qüvvələrin quru əməliyyatına qərar verməsi, quru əməliyyatına hazırlaşması da məhz ABŞ-nin təlimatı ilə reallaşdırılır. Hava zərbələrinin ardınca Amerika Birləşmiş Ştatları husilərə quru əməliyyatları vasitəsilə ağır zərbələr endirmək niyyətindədir və bu zərbələri endirərkən də daha çox Yəməndəki yerli qüvvələrdən istifadə etmək istəyir, onların vasitəsilə bu məsələni həll etməyə cəhd göstərir. Bu baxımdan hesab etmək olar ki, Yəməndə husilərlə bağlı məsələnin birdəfəlik həll olunması üçün konkret atımların atılmasında ABŞ israrlıdır".

Politoloqun sözlərinə görə, bu proses Yaxın Şərqdə olduqca genişlənməyə başlayıb.

"Çünki Yəməndəki husilərlə yanaşı, Amerika Birləşmiş Ştatları İraqdakı İrana bağlı qüvvələri də hədəf aldığını bəyan edib. Hətta bu məlumatlara görə, İrana bağlı bəzi qruplaşmalar ABŞ ilə silahlı toqquşmalardan yayınmaq üçün silahları təhvil verib, təslim olmağa hazır olduqlarını bəyan edirlər. Yəni, savaşdan yayınmağa çalışırlar ki, bu da başa düşüləndir. Çünki qüvvələr qeyri-bərabərdir və bu qüvvələrlə mübarizə aparmaq, ABŞ kimi güclü hərbi potensiala malik olan bir güc mərkəzi ilə savaşa girmək olduqca məntiqsiz və absurd olardı.
Bütün bunları nəzərə alanda hesab etmək olar ki, husilərlə bağlı məsələ, yəni quru əməliyyatları ilə bu qüvvənin silahlı qruplaşmasının sıradan çıxarılması artıq ABŞ-nin əsas gündəm maddəsidir. Onu da nəzərə almaq lazımdır ki, husilər son illərdə dəniz ticarətinə ciddi şəkildə əngəl törədirdilər və bunda dünya dövlətlərinin ticarət maraqları da var. Ona görə də böyük ehtimalla, husilərin artıq sıradan çıxarılması qaçılmaz xarakter daşıyır və Amerika Birləşmiş Ştatları bu məsələni ciddi şəkildə həll etmək niyyətini büruzə verir", - deyə E.Xalidbəyli bildirdi.

Aytəkin TOFİQQIZI