"Avropa Çinlə daha sıx əməkdaşlıq etməyə çalışacaq" - ŞƏRH

 16:11 08.04.2025     201

Avropa Komissiyası (AK) Amerika lideri Donald Trampın rüsumlarla bağlı qərarına cavab olaraq, aprelin 16-dan ABŞ-dən gələn sənaye mallarına 25%-lik cavab rüsumlarının tətbiqini təklif edib. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirdi ki, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar bir çox ölkələrdə, xüsusilə də Avropa Birliyi ölkələrində ciddi çaxnaşma yaradıb:

"Xüsusilə nəzərə alaq ki, Avropa Birliyinə daxil olan ölkələrdə son günlərdə birjalarda kəskin eniş yaşanır. Məsələn, Avropanın ən böyük birjalarından biri olan Varşava Fond Birjası faktiki olaraq çökdü. Bu da iqtisadi vəziyyəti gərgin olan Avropa Birliyi ölkələrinin daha da iqtisadi cəhətdən geriləməsinə səbəb olan amildir. Məhz Avropa Birliyi ölkələri cavab vermək kimi təşəbbüslərlə çıxış edirlər. 25%-lik cavab rüsumlarının tətbiqi təklif edilir".

zeynal serh

Politoloq qeyd etdi ki, Avropa Komissiyası idxal rüsumlarına məruz qalan malları siyahıdan çıxarıb.

"Ümumilikdə Avropa Birliyi hal-hazırda ABŞ ilə iqtisadi müharibəyə tab gətirəcək vəziyyətdə deyil. Dünya sonuncu iqtisadi böhranından sonra Avropa Birliyinin kifayət qədər ciddi iqtisadi itkiləri var. Ancaq eyni zamanda buna qarşı Çin ilə əməkdaşlıq edə bilər. Son zamanlarda Avropa ölkələrinin Çin ilə əməkdaşlığı sürətli formada artır. Çin Avropa Birliyi ölkələri ilə iqtisadi blok qurmaq yolunda addımlayır. Pekin çalışır ki, ABŞ çıxdıqdan sonra boşalan iqtisadi yeri doldursun. Düşünürəm ki, bu əlaqələr daha da inkişaf edəcək. Nə qədər ki, Tramp iqtisadi təsiri artıracaq, Avropa Çin ilə daha sıx əməkdaşlıq etməyə çalışacaq", - deyə Z.Əmrəliyev bildirdi.

Aytəkin TOFİQQIZI