"Sülh sazişinin imzalanması üçün ATƏT-in Minsk qrupu ləğv edilməlidir" - AÇIQLAMA

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə atəşkəs rejmini pozmağa davam edir.
Belə bir vəziyyətdə iki ölkə arasında sülh sazişinin imzalanması mümkündür?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan bildirdi ki, Azərbaycan torpaqları Ermənistanın işğalından azad olduqdan sonra Ermənistan iki ölkə arasında şərti sərhəddə davamlı olaraq atəşkəsi pozub.
"Bunlar Ermənistanın və onun havadarlarının Azərbaycanı silahlı münaqişəyə təhrik etməsidir. Fransa iddia edir ki, Ermənistan Konstitusiyasının dəyişdirilməyə ehtiyacı yoxdur. Azərbaycan isə Konstitusiyasının dəyişməsini istəyir. Çünki Konstitusiya təcavüzkar niyyətli, hədəfli dövlətin əsas qanunudur. Sərhəddə baş verən hadisələr Ermənistanın Azərbaycan ərazilərini işğal etmək hədəfinin olduğu kimi dəyərləndirilə bilər. Bütün bu prosesdə Ermənistan ərazisində Avropa İttifaqının mülki müşahidə missiyası yerləşdirsə də, bu missiya heç vaxt Ermənistanın sərhəddə atəşkəsi pozmasına dair hesabat verməyib. Bu onu göstərir ki, həmin missiya ancaq və ancaq Azərbaycanın ərazisini müşahidə etmək, Azərbaycan hərbiçisini izləmək üçün ora yerləşdirilib. Açıq kəşfiyyat fəaliyyəti ilə məşğuldur".
Politoloqun sözlərinə görə, sülh sazişinin imzalanması üçün ATƏT-in Minsk qrupu ləğv edilməlidir.
"Mövcud təcavüzkar Konstitusiya dəyişdirilməlidir. Ermənistanın Azərbaycanın torpaqlarını yenidən işğal etmək xülyasına gəldikdə, Prezident İlham Əliyev bu gün “Yeni Dünya Nizamına Doğru” forumunda aydın formada cavab verib. Qeyd edib ki, Azərbaycan işğaldan əziyyət çəkmiş ölkədir. Bizə qarşı yenə eyni fikirdə olsalar, dərhal onları cəzalandırmağa hazır olmalıyıq. Odur ki, Ermənistan gələcəkdə Azərbaycana qarşı atəşkəs rejimlərini pozmaqla hərbi əməliyyatlara başlayarsa, Azərbaycan onun qarşısını ala bilər. Buna görə Azərbaycan beynəlxalq ictimaiyyəti ermənilərin regionda apardığı fəaliyyətdən əl çəkməyə və sülh və əməkdaşlığa yönəltməyə çağırır", - deyə S.Soltan bildirdi.
Aytəkin TOFİQQIZI