"Azərbaycan ABŞ-nin rüsum siyasətinə əks addımlar atmayan ölkələrin sırasındadır" - Deputat

 16:43 10.04.2025     362

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan bütün məhsullara azı 10 faiz rüsum tətbiq ediləcəyini açıqlayıb. Trampın fərmanı ilə Azərbaycandan da ABŞ-yə idxal olunan məhsullara 10 faiz rüsum tətbiq edilib.

Rüsumun tətbiqi Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Azər Badamov bildirdi ki, ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal olunan mallara gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarı təsdiq edib:

"Həm də Tramp bu qərarın imzalandığı günü ABŞ-nin qurtuluş günü olduğunu qeyd etdi. Yəni fikirləşir ki, idxala rüsumlar tətbiq etməklə ölkəsinin ticarət balansındakı ədalətsizliyi aradan qaldıracaq və ABŞ-ni daha güclü və böyük ölkəyə çevirəcəkdir. Bu siyahıda ölkəmizin adı da var və Azərbaycandan idxal olunacaq mallara 10% rüsum tətbiq olunacaqdır".

Deputat qeyd etdi ki, son bir ildə Azərbaycandan ABŞ-yə ixrac 8 dəfə artaraq 135 milyon dolları keçib.

"Təbii ki, ABŞ-yə ixracımızın artması yaxşı haldır. Amma ABŞ-dən idxalımız isə 1,5 milyard dollardan çoxdur. Bu rəqəmlər özü-özündə mallarımıza tətbiq olunan 10%-lik rüsumun ABŞ ilə hansı çətinlik yaradacağını deməyimizə imkan verir. Həm də Donald Tramp dünən yenidən 75 ölkəyə tətbiq olunan rüsumların qüvvəyə minməsini 90 günə dayandırıb. Bu ölkələrin arasında Azərbaycanın da olduğunu hesab edirəm. Çünki Azərbaycan ABŞ-nin rüsum siyasətinə əks addımlar atmayan ölkələrin sırasındadır. Digər tərəfdən isə ABŞ-yə ixracımız çox da böyük olmadığından 10% rüsumun tətbiq olunacağı təqdirdə ticarət dövriyyəmizdə bir çətinlik yaradacağını hesab etmirəm. Əksinə olaraq qeyd etmək istəyirəm ki, ABŞ bazarında qiymətlərin bahalaşması mallarımızın ixracı üçün yeni imkanlar açacaq və yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəmizin daha da artacağını müşahidə edəcəyik", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI