"Çox əlverişli fürsət idi və bu imkanlardan ölkə başçısı çox uğurla yararlandı" - Fazil Mustafa

Aprelin 11-də Türkiyənin Antalya şəhərində "Antalya Diplomatiya Forumu"nun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı tədbirdə iştirak ediblər. Tədbir çərçivəsində dövlət başçısı bir sıra ölkə nümayəndələri ilə görüşüb.
Redaktor.az-a danışan Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, "Antalya Beynəlxalq Diplomatiya Forumu" olduqca mötəbər bir tədbirdir:
"Tədbirdə bütün dünyanın aparıcı ölkələrinin təmsilçiləri iştirak edib, fikir mübadiləsi aparırlar. Türkiyə kimi bir dövlətin başçılığı altında məsələlərin müzakirəsinə hər kəs maraq göstərir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımının bu tədbirdə iştirakı həm də tədbirin özünün yüksək səviyyədə olmasının göstəricisidir. Çünki belə tədbirlərdə daha çox mesajlar verib, görüşlər keçirmək imkanı yaranır. İkitərəfli səfərlər və başqa məsələlər əvvəlcədən planlaşdırılır. Tədbirlər fürsət yaradır ki, ayrı-ayrı ölkələrin təmsilçiləri ilə söhbətlər aparılsın. Ölkə başçısı hesab edirəm ki, bu fürsəti çox yaxşı dəyərləndirərək, imkan tapdıqca Azərbaycan üçün vacib olan ölkələrin rəhbərləri ilə görüşlər keçirib".
Millət vəkili bildirdi ki, tədbirdə bir neçə görüş diqqət cəlb edib.
"Suriyanın yeni lideri ilə görüş bu siyahıya daxildir. Suriya ilə münasibətlərimiz yox səviyyəsindədir. Digər tərəfdən, Azərbaycan xarici nşlər nazirinin Ermənistan və Gürcüstandan olan həmkarları ilə müzakirələr aparması Azərbaycanın bölgədə rolunun nə qədər artdığını göstərir. Çox əlverişli fürsət idi və bu imkanlardan ölkə başçısı çox uğurla yararlanıb. Özünün və Azərbaycanın bir çox məsələlərə baxışını bu platformadan diqqətə çatdırıb. Azərbaycan diplomatiyasının da belə şəraitlərdə daha çevik şəkildə ölkənin problemlərini dilə gətirmə platforması kimi istifadə etməsinin növbəti bir təzahürü oldu", - deyə F.Mustafa vurğuladı.
Aytəkin TOFİQQIZI