"Köçəryan, Sarkisyan və Balasanyan Azərbaycana təhvil verilməlidir"

 14:37 15.04.2025     289

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatı eyni vaxtda imzalamağı təklif etdiklərini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, edilən təkliflər yarımçıqdır:

"ATƏT-in fırıldaqçı, cinayətkar Minsk qrupunun buraxılması təbiidir. Onsuz da ATƏT-in Minsk qrupu çoxdan mövcud deyil. Çünki bu gün 3 həmsədrdən ABŞ və Fransa birdir, Rusiya ilə isə Ukrayna məsələsi ilə bağlı düşmən vəziyyətindədirlər. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən Azərbaycanın çox vacib əsas təxirə salınmadan həllini gözləyən tələbi nədir? Ermənistan Respublikası təxirə salınmadan konstitusiyasında dəyişiklik etməlidir. Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiasından əl çəkməlidir".

Deputatın sözlərinə görə, Ermənistan Konstitusiyasında təsdiqini tapan fikirlər tamamilə konstitusiyadan çıxarılmalıdır.

"Burada digər tələblər də öz əksini tapır. Biz haqlı olaraq tələb edirik ki, Azərbaycan torpaqları işğal olunan 35 il ərzində Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətmiş Robert Köçəryan kimi, Serj Sarkisyan kimi, Vitali Balasanyan kimi digər cinayətkarlar Azərbaycana təhvil verilməlidir. Azərbaycan cənab prezidentimizin dediyi kimi, hələ ki, çox tələblər qoymayıb. Ermənistan Konstitusiyasında dəyişiklik olmalıdır. ATƏT-in Minsk qrupu ləğv olunmalıdır. Zəngəzur dəhlizi ilə bağlı məsələlər də təxirə salınmadan həll olunmalıdır. Bu şərtlər yerinə yetirilərsə, Azərbaycan sülh müqaviləsi imzalamağa hazırdır", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI